Logo

BDU-da yeni ixtisas: “Ekologiya mühəndisliyi”

19.07.2024 11:00 1064 baxış
IMG

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlığına başlanılacaq.

“Ekologiya mühəndisliyi” ixtisasını uğurla bitirən məzunlar ətraf mühitin qorunması, ekoloji problemlərin həllində müasir üsulların istifadəsi, sutəmizləyici şəbəkələrdə effektiv təhlil və emal texnologiyaları, torpaqların bərpası, statistik məlumatlar əsasında ekoloji və təbii proseslərin riyazi modellərinin, tullantıların təkrar emal və utilizasiya sistemlərinin qurulması, müxtəlif ekoloji və mühafizə tədbirlərinin həyata keçirilməsində GİS texnologiyalarının tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında ekoloji və aerokosmik üsulların işlənməsi, ekoloji ekspertiza qanunlarına əsasən layihələndirmə, aerokosmik və ekoloji monitorinqlərin aparılması, yerüstü və peyk təsvirlərinin toplanması və emalı kimi peşə kompetensiyalarına yiyələnəcəklər.

Onlar həmçinin ətraf mühitin əsas çirklənmə mənbələrinin tədqiqi, atmosfer, hidrosfer və litosferin sənaye çirklənməsindən mühafizə üsulları, ekoloji təhlükələr və onlara qarşı mübarizə yolları, yanma ilə əlaqədar olan texnoloji istehsalın və meşə yanğınlarının ekoloji təhlükəsi, çirkab sularının çirkləndirici maddələrdən təmizlənməsi, səs-küy, vibrasiya, elektrik cərəyanı, lazer şüalarının orqanizmə təsiri, radiasiya şəraitinə nəzarət, yanğın təhlükəli kateqoriyaların müəyyənləşdirilməsi, yanğın zamanı istifadə olunan vasitələr və yanğınsöndürmə üsulları, ekoloji ekspertiza, audit və sertifikasiya qaydaları, riskin (təhlükə, zərər və ziyanın) analizi və qiymətləndirilməsi, analiz sisteminin kəmiyyət aspektləri üzrə biliklərə yiyələnəcəklər.

Bu ixtisas üzrə təhsil alan tələbələr müxtəlif təyinatlı sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi, nəqliyyatın idarə olunması, energetika və bərpa olunan enerji sistemlərinin qurulması və istismarı, neft-qaz və kimya sənayesi, tullantıların idarə olunması və istehsalı, kənd təsərrüfatı, əkinçilik, torpaqların mühafizəsi, fövqəladə halların proqnozlaşdırılması və idarə olunması, aerokosmik tədqiqatlar, kosmik təsvirlərin emalı ilə məşğul olan qurumlarda, xalq təsərrüfatının müxtəlif təyinatlı muəssisələrində çalışmaq imkanına malik olacaqlar.

“Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr tədris müddətində BDU-da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələrində, Milli Aerokosmik Agentliyində, “Azərkosmos” ASC-də, eləcə də müxtəlif təyinatlı idarə, müəssisə və təşkilatlarda təcrübə toplamaq imkanı əldə edəcəklər.

Xəbər lenti