Logo

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti

22.07.2024 12:54 868 baxış
IMG

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Cümhuriyyətindəki (ŞKTC) Azərbaycan Mədəniyyət Mərkəzi, “Final” Beynəlxalq Universiteti və Lefkoşadakı “Bilim” Təhsil Mərkəzinin təşəbbüsü ilə Girne şəhərində Beynəlxalq Elmi Festival keçirilib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan HəsənoğlU TƏHSİL.BİZ -ə bildirib ki, “Final” Beynəlxalq Universitetinin binasında təşkil edilən festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Belarus, Ukrayna, ŞKTC və digər ölkələrdən olan uşaqlar iştirak ediblər.

Festivala Türkiyə və ŞKTC-dən dəvət olunmuş ekspertlər uşaq və yeniyetmələrə müasir informasiya-kommunikasiya texnologiyaları haqqında ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində robotların və proqram təminatının yaradılması üzrə təlimlər təşkil olunub. Şagirdlər böyüklərin köməyi ilə robotlar yaradıb və onları nümayiş etdiriblər.

Gənc nəslin texnologiyaya marağını artırmaq məqsədi daşıyan festivalın sonunda iştirakçılara sertifikatların təqdimetmə mərasimi keçirilib. Bundan başqa, onlar üçün ŞKTC-nin tarixi yerlərinə turlar təşkil olunub.

Orxan Həsənoğlu qeyd edib ki, bu cür tədbirlər, eləcə də hazırlıq kursları yay aylarında mütəmadi olaraq keçirilir.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə ŞKTC-dəki Azərbaycan Mədəniyyət Mərkəzində yaradılan Lütfizadə Mərkəzi də bu cür tədbirlərin təşkilinə öz töhfəsini verir. Bu mərkəzin xidmətlərindən həm ŞKTC-də yaşayan azərbaycanlılar, həm də digər millətlərin nümayəndələri istifadə edirlər. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib ki, Mərkəzdə bütün kurslar pulsuz təşkil olunur.

Xəbər lenti