Logo

2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub

24.07.2024 11:12 1268 baxış
IMG

Naxçıvanda peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı Nuray Həsənova jurnalistlərə müsahibəsində bildirib.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili nəzərdə tutulub. Dövlət proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2024-cü il 7 may tarixində “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb. Fərmana əsasən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri isə peşə liseyinə çevrilməklə publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı Nuray Həsənova qeyd edib ki, fərmanın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 3 iyun 2024-cü il tarixdə Sərəncam imzalanıb. Sərəncamın icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən müasir tipli peşə təhsili müəssisələrinin Nizamnamələri və ştat cədvəlləri tərtib olunub, layihə və təkliflər aidiyyəti üzrə təqdim olunub. Həmçinin dövlət proqramının icrasının davamı olaraq cari ilin sonunadək peşə təhsili müəssisələrinin hər birində qəbul planında verilən ixtisaslara uyğun 1 emalatxananın qurulması və peşə təhsilli gənclərin sayının artırılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrimizdə 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub.

Nuray Həsənova qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələri ölkədə fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinə uyğunlaşdırılaraq 6 aylıq, 1, 2, 3 və 4 illik ixtisasların tədrisini nəzərdə tutur. Qeyd edək ki, peşə təhsilini Mühasibat uçotu, Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), Binaların tikintisi və istismarı ixtisasları üzrə bitirən tələbələrə subbakalavr ixtisas dərəcəsi veriləcəkdir.

Bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul prosesi də mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılacaq.

Təhsil nazirliyinin əməkdaşı onuda əlavə edib ki, müsabiqə çərçivəsində muxtar respublikada yerləşən peşə təhsili müəssisələri üzrə 30 peşə ixtisas müəllimi, 30 istehsalat təlimi ustası, 5 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır.

Qeyd edək ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 22-29 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Həmçinin peşə məktəblərində tam orta təhsil verən ixtisaslar üzrə ümumtəhsil fənləri də tədris olunacaqdır. Həmin fənlər üzrə 38 vakansiya müəyyənləşdirilib.
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edildikdən sonra, 2 avqust tarixində keçiriləcək test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciətçilər vakant yerlərin seçiminə buraxılacaqlar. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı veriləcək.

Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilən, müvafiq tələblərə uyğun namizədlər müraciət edə bilər. Namizədlərə aid tələblərdə orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər və peşə, orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslərin qəbulu nəzərdə tutulub.

Xəbər lenti