Logo

835 namizəd müraciət edib

24.07.2024 11:40 1007 baxış
IMG

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2024/2025-ci tədris ili üçün sənəd qəbuluna son müraciət tarixi 20 iyun 2024-cü il olaraq müəyyən olunub”.

Bu barədə,Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşı, Marketinq və kommunikasiya üzrə mütəxəssis Paşa Paşayev bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramına dünyanın 16 ölkəsinə aid 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib:

“Bunlardan 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət etmiş namizədlərin payına düşür. Dövlət Proqramı çərçivəsində hər il 80 nəfər bakalavriat, 320 nəfər magistratura səviyyəsində olmaqla, ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır".

P.Paşayev qeyd edib ki, daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, İtaliya Respublikasl, Almaniya Federativ Respublikası və daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik və maliyyə yer alır:

"Bununla yanaşı, Dövlət Proqramına “universitetlər üzrə top10”da yer alan xarici ali təhsil müəssisləri üzrə qəbulla müraciət edən namizəd sayı 150 nəfərdən çoxdur.

Dövlət Proqramına müraciət etmək üçün namizədlər öncə tələb olunan sənədlərin siyahısı ilə tanış olmalı və daha sonra müvafiq sənədləri toplayaraq portal.edu.az üzərindən müraciət edirlər.

Tələb olunan sənədlər poçtla və elektron poçtla deyil, yalnız Dövlət Proqramı İdarəetmə Qrupunun səhifəsində elektron ərizə təsdiq edildikdən sonra namizəd üçün yaradılmış elektron şəxsi kabinet vasitəsilə ilə təqdim edilməlidir.

Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır.

Müsabiqə mərhələsindən uğurla keçən namizədlər Dövlət Proqramı İştirakçısı adını qazanırlar.

Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibə mərhələsi artıq başa çatıb. İlkin nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir. İlkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur”.

Xəbər lenti