Logo

100 xarici tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” əsasında Azərbaycanda təhsil alacaq

30.09.2024 00:00 84 baxış

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Bu barədə Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi birgə məlumat yayıb. Məlumatda bildirilib ki, seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.

Qeyd edək ki, bu proqrama əsasən, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.

Xatırladaq ki, hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə azərbaycanlı tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrində, habelə əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almasına imkanlar yaradılıb. 1970-1980-ci illərdə hazırlanmış mütəxəssislər müstəqil Azərbaycanın, əcnəbi məzunlar isə təmsil etdikləri ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayıb və nailiyyətlərin əldə olunmasına öz töhfələrini veriblər. Təsadüfi deyil ki, həmin dövrdə ölkəmiz Asiya, Afrika və Latın Amerikası dövlətlərinin vətəndaşları üçün əsas təhsil mərkəzlərindən birinə çevrilib və Azərbaycanın bir çox xarici dövlətlərlə münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində məhz həmin kadrların müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası 2017-2022-ci illər ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün 200-dək təhsil qrantı proqramının həyata keçirilməsini təmin edib. Həmin qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, müvafiq təşkilat və hərəkat çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib.

Sözügedən təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib.

Xəbər lenti