Logo

Məktəb divarlarını əl işləri ilə canlandıran müəllim

02.10.2024 17:48 254 baxış
IMG

İnsan öz istedadını kəşf edib, o sahə ilə məşğul olanda daha çox uğurlar əldə edir. Bu gün Azərbaycanın təhsil sahəsində kifayət qədər istedadlı müəllimlərimiz var. Onlardan da biri Gülçin müəllimdir.
 

“Azərbaycan müəllimi” Gülçin Hüseynovanın hekayəsini təqdim edir:

 

O, 1996-ci ildə Salyan rayonunda anadan olub. 2013-cü ildə məktəbi bitirən müsahibimiz 2013-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olub. 2018-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında uğurlu nəticə əldə edib.

Gülçin müəllimin dediyinə görə, 2017-ci ildə kolleci bitirərək, 2018-ci ildə MİQ imtahanında iştirak edib və uğur qazanıb:
 

"Müddətsiz müqavilə ilə Biləsuvar rayon Xırmandalı kənd 2 saylı tam orta məktəbinə Təsviri incəsənət müəllimi kimi təyinat almışam. Artıq 7-ci ilimdir ki, bu məktəbdə işləyirəm. Hər il ikinci iş yeri kimi müqavilə ilə Biləsuvarda digər məktəblərdən iş təklifi gəlib və işləmişəm. Biləsuvarda işlədiyim digər məktəblər İnternat tipli məktəb liseyi, Günəşli ümumi orta məktəb, Nərimankənd kənd ümumi orta məktəb, Zəhmətabad tam orta məktəb, Çinarlı tam orta məktəb və şəhər 1 nömrəli ümumi orta məktəbləri olub".
 

Müsahibimiz həmçinin şagirdlərə fənnini necə sevdirdiyinin sirrlərindən də söz açıb. O qeyd edib ki, insan birinci özü öz fənnini sevməlidir ki, sonra şagird də onu görüb ruhlansın:

"Şagirdlərimə təsviri incəsənəti əyani şəkildə öyrədib, böyük işlər görürük. Mən artıq kağız üzərində deyil, çox vaxt divarda, yerlərdə, qablarda, daş, taxta üzərində və s. işləyib daha geniş və maraqlı dərs keçirəm. 45 dəqiqə şagirdlərimin gözlərində 15 dəqiqə kimi keçir və çox vaxt onlar şikayətlənirlər ki, vaxt niyə bele tez keçdi. Mənə artıq kağızda rəsm çəkmək çox adi gəlir. Onun üçün qarşıma məqsəd qoyub, divar üzərində gözəlliklər yaradacağıma söz vermişəm. Hər bir məktəbdə bir iz qoyuram. Və bu mənə daha da motivasiya verir. Hər şeydən öncə mən işimi və sənətimi çox sevirəm".
 

Gülçin müəllimin sözlərinə görə, son 3-4 ildə əl işləri üçün təxminən ölkəmizin 20-dən çox şəhər və rayonlarından ona çoxlu təkliflər gəlir və bu getdikcə daha da çoxalır. Amma o, uzaq rayonlara çatdırıb gedə bilmir:
 

"Ümumiyyətlə əl işlərim Bakı şəhər 95 nömrəli tam orta məktəbdə, Şirvan şəhərinin bir çox məktəblərində, Salyanın bir neçə məktəbində və əlbəttə ki, işlədiyim Biləsuvar rayonun 15-ə yaxın məktəbində, necə deyərlər divarlarda "öz sözünü" deyir. Artıq yetirmələrim də var. Onlardan 3-ü "Təsviri incəsənət müəllimliyi" ixtisasını artıq bitirib. Qalanları isə tələbədir. Şirvan şəhərində Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə" təşkil olunmuş VI qrant müsabiqəsi üzrə "Şagirdlərin rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi, təlim və müsabiqələrin təşkili üzrə inklüziv qrupların yaradılması" layihəsində 3 ay təlimçi olmuşam. Dəfələrlə rəsmlərimlə bağlı yerlər tutmuş və Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamələrlə təltif edilmişəm".

Müsabimiz uğurları ilə yanaşı gələcək planlarından da söz açıb. O, bildirib ki, bütün məktəbləri gəzib, şagirdləri incəsənətin gözəllikləri ilə tanış etmək istəyir:

"Əslində planlarım çoxdur. Hamısı da incəsənətlə bağlıdır. Hər il başqa məktəblərdə işləməyimin əsas səbəbi odur ki, uşaqlara boyanın nə olduğun, necə işləndiyini əyani şəkildə öyrədim. İstəyərəm ki, belə bir layihə olsun ki, bütün məktəbləri gəzib şagirdləri incəsənətin gözəllikləri ilə tanış edim. Ümid edirəm ki, bu arzum reallaşar".

Xəbər lenti