Logo

Professor İbrahim Zeynalov: Xalqımız torpaqlarımızın tamamilə işğaldan azad olunacağına inanır

09.10.2020 16:50 612 baxış
IMG

1988-1994-cü illərdə Ermənistan öz havadarlarının hərbi-texniki köməyilə torpaqlarımızın 20 faizdən çoxunu – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, Xocalı faciəsini törədib, bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edilib. BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi, ölkənin respublikamıza qarşı işğalçılıq əməllərinin qarşısını almağı xahiş edib. Buna baxmayaraq qəti tədbir görülmədi, əksinə Ermənistan işğalçılığını genişləndirərək, 1992-1993-cü illərdə Azərbaycanın Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan torpaqlarını işğal etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını pisləyən, onun işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri hələ də yerinə yetirilməyib, əksinə təcavüzkarın təxribatları mütəmadi xarakter alıb. Bu ilin iyulunda erməni təcavüzkarları Azərbaycanın dövlət sərhədlərini Tovuz istiqamətində yenə də artilleriya atəşinə tutdu və nəticədə hərbçilərimiz və mülki şəxs həlak oldu, bir çox yaşayış evləri dağıdıldı, təsərrüfatlara ciddi zərər dəydi. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə layiqli cavab və dərs verdi. Nəticədə Ermənistan çoxlu sayda itkilərə məruz qaldı; o, təkcə fiziki, hərbi deyil, həm də siyasi, mənəvi, psixoloji məğlubiyyətə uğradı. Əfsuslar olsun ki, düşmən bütün bunlardan nəticə çıxarmadı. Təcavüzkar Ermənistanın silahlı qüvvələri sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərdə yerləşən Azərbaycan Ordusunun mövqelərini iri çaplı silahlardan, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutaraq mülki vətəndaşları və hərbçiləri qətlə yetirdilər. Bununla onlar beynəlxalq hüquqa zidd hərəkətlərini və bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini bütün dünyaya açıq şəkildə göstərdilər.

 

Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsini icra edən professor İbrahim Zeynalov söyləyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini (822, 853, 874 və 884) kobud şəkildə pozaraq Azərbaycanın sərhədboyu zonalarından çox-çox uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə, Beyləqan, Bərdə, Göygöl, Zərdab, Ağcabədi, Şəmkir, Xaçmaz, Mingəçevir və digər şəhər və kəndlərimizin mülki əhalisini, mülki obyektləri, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəbləri raketlə atəşə məruz qoyub. Həmçinin Ermənistan təkcə mülki əhalinin yaşadığı şəhər və kəndləri atəşə tutmaqla yox, həm də işğal olunmuş Dağlıq Qarabağ ərazilərində, o cümlədən Xankəndi və Şuşa şəhərlərində əcnəbiləri məskunlaşdırmaqla Cenevrə Konvensiyasını kobud şəkildə pozub.

 

Təcavüzkarlar atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alaraq ağır cinayətlər törətməkdədir. Həmçinin sentyabrın 27-dən oktyabrın 8-dək təcavüzkarın Azərbaycanın Tərtər, Ağdam, Cəbrayıl, Beyləqan, Ağcabədi, Şəmkir, Horadiz, Goranboy, Göygöl və digər ərazilərini, yaşayış məntəqələrini, mülki obyektləri intensiv raket atəşlərinə tutması nəticəsində Azərbaycan əhalisi arasında itkilər, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistanın silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əks-hücum əmrini və bütün cəbhəboyu ordumuzun əməliyyatlara başlamasını xalqımız böyük sevinclə qarşıladı. Bu müqəddəs işdə Prezidentlə həmrəy olduqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan etdilər. Ən müasir silahlarla təmin olunan Azərbaycan Ordusu təcavüzkarlara ağır zərbələr endirərək Cəbrayıl şəhərini, Karxuluq, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad və digər kəndləri, yaşayış məntəqələrini, həmçinin Murov dağı silsiləsindəki Murov zirvəsi, Suqovuşan, Talış yüksəkliklərini düşməndən azad edib. Cəbrayıl şəhəri və bu rayonun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətdə bir neçə strateji yüksəkliklər azad edilib. Hazırda Füzuli, Ağdərə, Hadrut və digər işğal altında olan Azərbaycan əraziləri uğrunda şiddətli döyüşlər davam edir.

 

“Azərbaycan Ordusu cəbhə zonasında, bütün istiqamətlərdə Ermənistanın işğalçı qüvvələrinə qarşı döyüşləri uğurla davam etdirir. Ermənistan silahlıları ən müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan ordusu qarşısında davam gətirə bilmir, ciddi zərbələr alaraq geri çəkilir, silah-sursatlarını döyüş meydanında qoyub qaçırlar. Torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandanımızın tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə yerinə yetirən Azərbaycan Ordusu tərəfindən ağır itkilərə məruz qalan düşmən ölkənin hərbi-siyasi rəhbərliyi təşviş içindədir. İndi Ermənistanda hər kəs Qarabağ müharibəsində uduzduqlarını anlamaqdadır.

 

Hazırda Azərbaycan Ordusu Vətən müharibəsini qələbə ilə sona çatdırmaq üçün əks-hücum əməliyyatını uğurla davam etdirir. Ordumuzun uğurlu əks-hücumları nəticəsində ötən müddətdə düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və zərərsizləşdirilib. Eyni zamanda, şanlı ordumuzun əks hücumları zamanı bütün istiqamətlərdə düşmənə ağır zərbələr endirilməklə təcavüzkarın xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət kimi götürülüb. Xalqımız Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına inanır, tezliklə Qələbənin əldə olunacağına, torpaqlarımızın tamamilə işğaldan azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inanır. Qarabağ Azərbaycandır!”, - deyə İbrahim Zeynalov bildirib.

Xəbər lenti