Ağstafa rayonunda bağça müdirinin vəzifəsindən sui-istifadə etməsi halları ilə bağlı iddialar səsləndirilib.
Tehsil.biz xəbər verir ki, Ağstafa rayonu, Vurğun qəsəbəsi bir nömrəli körpələr evi təmirə dayanıb.
Tərbiyə ocağında əsaslı təmir işləri gedir. Kollektiv də körpələrlə birlikdə qəsəbə sakininin birinin köhnə tikili evinə sığınıblar. Burada isə şəraitsizlik hökm sürür. Üstəlik, sözügedən evin sahibi təsərrüfatında toyuq cücə, it-pişik, at, dovşan, göyərçin və sairə canlılar saxlayır. Uşaqlar da bu şəraitdə təlim - tərbiyəyə cəlb edilirlər.
İddialar da təlim-tərbiyə ocağının müdiri Fatapur Afaq haqqındadır. Körpələr evinin bir neçə işçisi iddia edirlər ki, müdir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özbaşınalıqlara yol verir.
Şikayətçi Aygül Rəhimova bildirib ki, heç bir əsas olmadan müdir onu işdən azad edib. Onun iddiasına görə, həmkarlar ittifaqı müdirin bu qərarından xəbərsiz olduqlarını bildirib, hətta bununla bağlı rəsmi sənəd də təqdim edilib. Hazırda məzuniyyət hüququndan da məhrum edilən keçmiş işçi məsələ ilə bağlı hüquq müdafizə orqanları və digər aidiyyəti strukturlara da müraciət etdiyini bildirir.
Körpələr evinin mövsümü ocaqçısı Səidə Məmmədova isə müəssisədə mövcud olan xadimə işi üzrə vakansiya ilə bağlı işə müraciət etsə də, müdirədən səbəbsiz yerə rədd cavabı aldığını bildirir.
Digər bir türkürpədici iddianı da tərbiyə ocağının təsərrüfat müdiri Gülnur Quliyeva səsləndirib. Onun iddialarına görə, qaimə- fakturalara müdir öz işçinin yerinə onun imzasını təkrar edərək saxta imzalar çəkib.
Məsələ ilə bağlı adıçəkilən müdirənin də fikrini öyrənməyə çalışdıq. Lakin təlim-tərbiyə ocağının rəhbəri Fatapur Afaq kamera qarşısına keçməkdən imtina etdi.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nəcibə Vəliyeva bildirib ki, haqqında fərqli iddialar səsləndirilən müdirə haqqında araşdırma aparılır:
"Nəticədən asılı olaraq müvafiq tədbirlər görüləcək. Onun sözlərinə görə, bağça 16 sentyabr 2024-cü il tarixindən təmirə bağlanıb. Təmirlə əlaqədar olaraq təlim-tədris prosesinin fasiləsizliyini təmin etmək üçün körpələr evi-uşaq bağçası müvafiq təşkilatlarla razılaşdırılmaqla müvəqqəti olaraq qəsəbə ərazisindəki başqa tikiliyə köçürülüb".