Logo

Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb

07.10.2024 09:34 28 baxış
IMG

Oktyabrın 4-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə cari ildə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb. 
 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayav, tələbələr və digər qonaqlar iştirak ediblər. 
 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunduğunu qeyd edərək gənclər siyasətinin Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil etdiyini bildirib.
 

Nazir müavini hər il gənclərin inkişafı ilə bağlı fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının uğurla icra olunduğunu və bu tədbirlərin gənclərimizi uğurlara ruhlandırdığını vurğulayıb. Çıxışda ulu öndər Heydər Əliyevin Azərbaycan təhsili və gəncliyinə göstərdiyi diqqət və qayğı nəticəsində xaricdə təhsil alan gənclərin indi dövlət qurumlarında yüksək mövqelər tutduğunu, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsi diqqətə çatdırılıb.
 

Sonda nazir müavini tələbələrə uğurlar diləyib və onları təbrik edib.
 

Daha sonra müsabiqə-festivalda qalib olan tələbələrə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub. 


Qeyd edək ki, cari ildə müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib.
 

Müsabiqə-festivala respublika üzrə 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə qatılıb. 
 

Layihənin əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, asudə vaxtlarını səmərəli və mənalı təşkil etməkdən ibarət olub.

Xəbər lenti