Logo

Astanada VIII Mərkəzi Asiya beynəlxaq forumu

07.10.2024 14:48 461 baxış
IMG

4 – 5 oktyabr 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR/НAAР) təşkil etdiyi “Təhsilin keyfiyyətinin yüksəldilməsi – informasiya məkanında ali təhsil müəssisələrinin strateji inkişafı fenomeni kimi” adlı Təhsildə Keyfiyyətin Təminatı üzrə VIII Mərkəzi Asiya beynəlxaq forumu keçirilib. Forumda Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyəti sədrinin müavini Namiq Babayev və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev iştirak ediblər.

Forumun məqsədi təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin inkişafı, xarici təhsil təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, akademik ictimaiyyət ilə beynəlxalq əmək bazarı arasında konstruktiv qarşılıqlı fəaliyyəti kimi məsələləri müzakirə etmək olub. Forumda aktual məsələlər üzrə “İnnovativ Transformasiyalar Kontekstində Təhsildə Keyfiyyət Təminatının Yeni Paradiqması”, “Tibbi Təhsil, Elm və Təcrübənin İnteqrasiyası” və ”Süni intellekt təhsil sisteminin arxitekturasının inkişafına necə təsir edir?” adlı panel müzakirələr həyata keçirilib.

Forumda Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) prezidenti Duqlas Blekstok, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin (EQAR) prezidenti Stefan Lovik, həmçinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Fransa, Böyük Britaniya, Honq-Konq, Türkiyə, Moldova, Ermənistan və Latviyanın dövlət qurumlarının, ali təhsil müəssisələrinin və ali təhsilin keyfiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.


 

Xəbər lenti