Elektron qeydiyyat prosesi müraciət edənlərin çoxluğu nəzərə alınaraq, 10 oktyabr 2024-cü il saat 10:00-dək uzadılıb.
Hazırda 2062 nəfər öz müraciətini təsdiq edib. Onlardan 282 nəfər tələblərə cavab vermədiyi üçün və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün DİM tərəfindən prosesdə iştirak hüququndan imtina edilib və 1373 nəfər müsahibə mərhələsinə buraxılıb. İştirakçılara sistem vasitəsilə müsahibə mərhələsi üçün onlara təqdim edilən vaxtlardan özlərinə uyğun vaxtı seçib təsdiq etmək imkanları yaradılıb.
Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.
Sertifikat almaq üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı,
- Ali təhsilli olmalı və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalı,
- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməli (dövlət qulluğu sertifikatı olan şəxslər və pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olanlardan iş yeri tələb olunmur)
- Yaşı 22- 45 arası olmalı,
- Fiziki cəhətdən sağlam olmalı,
- Məhkumluğu olmamalı.
Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında həyata keçirilir. Namizəd elektron müraciət etdikdən sonra təqdim olunan sənədlərin tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılır. Sənədlər tələblərə uyğundursa, təsdiq, sənədlər tələblərə uyğun deyilsə, imtina olaraq münasibət bildirilir. Bu barədə bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Müraciət təsdiq edildikdə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir. Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:
- Şəxsiyyət vəsiqəsi ;
- Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);
- İş yeri haqqında arayış (olduğu təqdirdə);
- Məhkumluq barədə arayış;
- Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);
- “Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).
Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.
Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.
Müsahibə mərhələsində iştirak edən 159 namizəddən 135 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılmış,13 nəfər qeyri-məqbul qiymətləndirilmiş, 11 nəfər isə bu mərhələdə iştirak etməmişdir.
Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmələrində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.
Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.