Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində muxtar respublikada ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramında uğur qazanmış namizədlərlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Tehsil.biz-ə bildirilib ki, görüşdə təhsil naziri Elxan Nəcəfov uğur qazanan gəncləri təbrik edib. Nazir bildirib ki, proqramın məqsədi təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Qeyd olunub ki, eyni zamanda, bu proqram gənclərə real iş mühitində təcrübə qazanmaq imkanı da verir.
Nazir şöbə və sektorların əməkdaşlarına təcrübədə olan gənclərin bilik və bacarıqlarının, peşəkar vərdişlərinin artırılması üçün onlara hərtərəfli şərait yaratmağı tapşırıb.
Qeyd edək ki, 3 aylıq proqram çərçivəsində seçilmiş 4 namizəd Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif şöbə və sektorlarında təcrübə keçəcək. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. Proqram müddətində tələbə və məzunlar bilik və bacarıqlarını artıracaq, nəzəri bilikləri real iş mühitində tətbiq edəcək və peşəkar vərdişlər qazanacaqlar.