X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi universiteti təmsil edir. Azİİ e-Kitab Evi sərgiyə 80 nüsxə kitab, 20 nüsxəyə yaxın elmi jurnallar və digər çap materialları ilə qatılıb. Bu kitablar əsasən neft, kimya, geologiya, riyaziyyat, süni intellekt, qeyri-səlis məntiq kimi mövzuları əhatə edir. ADNSU-nun professor və müəllim heyətinin monoqrafiyaları və dərslikləri, miniatür kitab kolleksiyasından nüsxələr, biblioqrafik göstəricilər, eləcə də tələbələrin əl işlərindən ibarət vitraj-rəsmlər Azİİ e-Kitab Evinin stendində yer alır.
Sərgi çərçivəsində ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Elman İskəndərovun “Neftin, qazın nəqli və saxlanmasında nəzarət-diaqnostika üsulları” kitabının təqdimatı keçirilib. Sərgi iştirakçılarının, eləcə də fakültə əməkdaşlarının böyük maraqla qatıldığı təqdimat mərasimində çıxış edən professor E.İskəndərov müəllifi olduğu monoqrafiya haqqında məlumat verib, kitabın müvafiq sahə üzrə təhsil alan tələbələr,magistrantlar və eləcə də tədqiqatçılar üçün faydalı olacağına ümidvar olduğunu bildirib.
Təqdimatda çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova monoqrafiyanın əhatə etdiyi sahənin aktuallığından və gənc nəslin bu sahədə maariflənməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Azİİ e-Kitab Evinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır.