Logo

Saməddin Əsədov: "Azərbaycanlı məktəblilərin hazırladığı peyk “SpaceX” ilə gələn il orbitə buraxılacaq"

08.10.2024 16:33 294 baxış
IMG

Gələn il azərbaycanlı məktəblilərin hazırladığı peyk orbitə buraxılacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Təhsilin İnkişafı Forumu çərçivəsində təşkil edilmiş "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirələrdə razılaşdırılmış bu layihənin hazırlanmasına artıq başlanılıb: “Bu layihənin həyata keçirilməsi 8-9 ay vaxt aparacaq. Onun ABŞ-nin “SpaceX” şirkətinə məxsus raketlə orbitə buraxılması nəzərdə tutulur. Əlbəttə ki, digər layihələrimiz də var. Buraya kosmik texnologiyalarla bağlı olimpiadaların keçirilməsi, gələcəkdə universitet tələbələrinə yönəlmiş peyk layihələri daxildir”, - deyə "Azərkosmos"un rəhbəri bildirib.

S.Əsədov vurğulayıb ki, kosmik texnologiyaların Azərbaycanda hazırlanmasına böyük diqqət yetirilir: “Ümumdünya kosmos iqtisadiyyatının ümumi həcmi 400 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Buraya peyklərin istehsalı, xidmətlər, ölkələrin bu sahəyə ayırdığı investisiyalar daxildir. Bu, ölkələrə fayda verən və iqtisadiyyata əlavə dəyər qatan sahədir”.

Xəbər lenti