Logo

Kazan Dövlət Energetika Universitetinin əməkdaşları SDU-da

08.10.2024 16:45 190 baxış
IMG

Kazan Dövlət Energetika Universitetinin (KDEU) əməkdaşları Sumqayıt Dövlət Universitetində (SDU) olublar.

SDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetlər arasında beynəlxalq əməkdaşlıq 2013-cü ildən başlanıb. Bu müddət ərzində müxtəlif tədbirlər həyata keçirilib, hər iki tərəfin nümayəndə heyəti qarşılıqlı səfərlər edib, birgə beynəlxalq layihələrdə partnyor olublar. 2022-ci ildə KDEU-nun İnkişaf və innovasiya prorektoru İ.G.Axmetovanın rəhbərlik etdiyi nümayəndə heyətinin SDU-ya səfərini qeyd etmək olar. 2023-cü ilin noyabrında KDEU-nun 55 illik yubileyi münasibətilə SDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin KDEU-ya səfəri mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Tatarıstan Respublikasının “Algarış” qrant proqramı çərçivəsində “Xarici dillərin tədrisində süni intellekt və maşın öyrənməsi” mövzusunda peşəkar təcrübə keçmək üçün KDEU müəllimlərinin SDU-ya növbəti səfəri baş tutub.  

Kazan Dövlət Energetika Universitetinin xarici dillər kafedrasının müdiri G.F.Lutfullinanı və kafedranın dosenti E.V.Dmitriyevanı Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov qəbul edib. SDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Könül Abaslı qonaqları rektora təqdim edərək universitetlərimiz arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərə toxunub, görüşün hər iki universitetin tələbə və müəllimləri arasında uğurlu əməkdaşlığa töhfə verəcəyini bildirib. 

SDU-nun xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova qeyd edib ki, kafedranın Kazan Dövlət Energetika Universitetinin xarici dillər kafedrası ilə əməkdaşlığı 2021-ci ildən başlayıb. Bu illər ərzində kafedralarımızın əməkdaşları hər iki universitetdə keçirilən beynəlxalq konfranslarda iştirak etmiş, tələbələr üçün təşkil olunmuş esse müsabiqələri, multimedia təqdimatları müsabiqələrinə tələbə hazırlanmışdır. 2024-cü ildə hər iki kafedra əməkdaşlarının birgə müzakirəsi nəticəsində kafedra əməkdaşları üçün ixtisasartırma və təkmilləşdirmə kurslarının keçirilməsi qərara alınıb.

Bu məqsədlə Kazan Dövlət Energetika Universitetinin xarici dillər kafedrasının əməkdaşları Tatarıstan hökümətinə müraciət edərək “Alqarış” qrantını qazanıblar. Qrant proqramı çərçivəsində həmin kafedranın iki əməkdaşı professor Lutfullina Gulnara və dosent Dmitriyeva Yelena Sumqayıt Dövlət Universitetində “Xarici dillərin tədrisində qabaqcıl texnologiyalar”, “Dərsin təhlilinin psixo-pedaqoji aspektləri”, “Xarici dillərin tədrisində süni intellekt (AI) və Kompüter vasitəsilə öyrənmə (ML)” mövzularında peşə təcrübəsi keçmək üçün 2024-cü ilin oktyabr ayının 1-dən yeddi günlük müddətə SDU-ya dəvət olunublar. Rektor Rüfət Əzizov qonaqlara SDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri və nailiyyətləri barədə məlumat verib, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərindən danışıb və Sumqayıt Dövlət Universitetinin Rusiyanın bir çox ali məktəbləri, o cümlədən Kazan Dövlət Energetika Universiteti ilə uğurla əməkdaşlıq etdiyindən məmnunluğunu bildirib.

Rektor onu da qeyd edib ki, son illər universitetimizdə təşkil olunan bu cür görüşlər müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində ikitərəfli münasibətlərin uğurlu inkişafına əvəzsiz töhfələr verir. Qonaqpərvərliyə görə rektora təşəkkür edən qonaqlar KDEU-nun hərtərəfli fəaliyyəti, xarici universitetlərlə əlaqələri barədə məlumat veriblər, Sumqayıt Dövlət Universiteti ilə əlaqələrindən məmnunluq duyduqlarını qeyd edərək, iki universitet arasında münasibətlərin genişləndirilməsində və təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər. 

Sonra qonaqlar SDU-nun filologiya fakültəsində xarici dillər kafedrasının təlim-tədris, elmi-tədqiqat işlərinin təşkili ilə tanış oldular.

Kafedrada təşkil edilmiş “dəyirmi masa”da ümumi dilçilik, maşın tərcüməsi, birgə konfrans və vebinarların, tələbə beynəlxalq müsabiqələrinin və s. keçirilməsi, birgə tədqiqatların təşkili məsələlərinin müzakirəsində iştirak ediblər. Həmçinin KDEU-nun əməkdaşları üçün geniş mədəni proqram təklif olunub və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Xəbər lenti