Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazılır. Bu gün erməni faşizminin Azərbaycan xalqına dəfələrlə etdiyi xəyanətin, körpələrin, yaşlı insanların, qız və gəlinlərimizin tökülən qanlarının, Xocalı soyqırımının intiqamı alınır. Bu gün düşmən ayaqları altında inildəyən ata-baba torpaqlarımıza üçrəngli bayrağımız sancılır.
Havadarlarına arxalanan erməni separatçıları uzun müddət torpaqlarımızda at oynatdı, əzəli ərazimiz Dağlıq Qarabağı “dövlət” elan etdi. Ermənistanın baş naziri Paşinyan döyünən ürəyimiz Şuşada şərab içib yallı getdi, qədim şəhərimizi paytaxt etmək istədi. Dişlərində şirə qaldığından yenidən torpaqlarımıza göz dikərək sentyabrın 27-də sərhədboyu hərbi hissələrimizə, dinc əhaliyə iriçaplı silahlardan güllələr, mərmilər yağdırdılar. Qanlar töküldü, mülki obyektlər dağıdıldı.
Heç kimin torpağında gözü olmayan, sülh carçısı olan Azərbaycan xalqı səbrlə 30 il bu günü gözlədi. Lakin səbrin də bir həddi olur. Və sentyabrın 27-də səbrimiz növbəti dəfə sınağa çəkiləndə Ali Baş Komandanın əmri ilə ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Bu gün erməni faşistləri qüdrətli Azərbaycan Ordusunun qabağında diz çökür.
İllərlə xalqımızın haqq səsini eşitməyən, işğal olunan torpaqlarımızın geri qaytarılması haqqında yalnız yalan vədlər verən və bununla Qarabağın unudulmasına çalışan ermənipərəst qüvvələr əsgərlərimizin yenilməz igidliyini, sonsuz Vətən, torpaq sevgisini, qələbə əzmini görüb əl-ayağa düşərək Prezidentimizi müharibəni dayandırmağa, danışıqları bərpa etməyə səsləyirlər. Bu çağırışlara İlham Əliyevin verdiyi əsaslı, cəsarətli cavablar hər birimizdə iftixar hissi yaradır. Xalq bir daha şahid olur ki, Prezidentimiz ordumuzla birlikdə sıxıntılara, torpaq həsrətinə son qoymaq əzmindədir.
Bu gün on minlərlə gənc könüllü surətdə cəbhəyə getmək, düşmənlə vuruşmaq, günahsız insanların qanını almaq, torpaqlarımızı qaytarmaq, bayrağımızı Şuşada, işğal olunmuş hər kənddə, şəhərdə ucaltmaq arzusundadır. Belə bir müqəddəs istək əsl vətəndaşlığın, Ali Baş Komandana, Ordumuza inamın göstəricisidir.
Vətən müharibəsi davam edir. Erməni faşizmi yenə də simasını göstərməkdədir. İşğalçılar kəndlərimizi, dinc əhalini nişana almaqdan çəkinmirlər. Nəticədə çoxsaylı evlər dağılır, günahsız insanlar, hətta uşaqlar həlak olurlar. Cənab İlham Əliyev Dağlıq Qarabağ ermənilərinə müraciətdə ordumuzun dinc əhali ilə ədavəti olmadığını dönə-dönə bildirmişdir. Azərbaycan döyüşçüləri yanız muzdlu əsgərlərlə, doğma torpaqlarımızda bizə silah qaldıranlarla döyüşür. Biz başqa yad torpaqlarda deyil, öz ərazimizdə torpağımızın işğaldan azad olunması uğrunda vuruşuruq. Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Çünki ordumuz Qarabağda məhz sülhün bərqərar olması uğrunda savaşa qalxıb.
Biz qalib gələcəyik! Çünki Prezidentimizin dediyi kimi, bizim döyüşümüz haqq döyüşüdür. Bu günlər Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Küçələrdə dəstə-dəstə insanlar “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirib ordumuzla, dövlətimizlə həmrəy olduqlarını nümayiş etdirirlər.
Gəncə Dövlət Universitetinin rəhbərliyi, çoxsaylı professor-müəllim heyəti də həmişə olduğu kimi, bu sınaq günlərində də Ali Baş Komandanın ətrafında sıx birləşib qələbələrimizi alqışlayır və hər an Vətənin, Torpağın bütövlüyü naminə veriləcək tapşırıqları yerinə yetirməyə hazır olduqlarını bildirir.
Yusif YUSİBOV,
Gəncə Dövlət Universitetinin rektoru, professor