Təhsil İnstitutu Avstraliyanın Təhsil Tədqiqatları Şurası (ACER) ilə əməkdaşlıq çərçivəsində Təhsilalanların səriştə əsaslı qiymətləndirilməsi – Test Hazırlama təlimlərinə davam edir. 7-11 oktyabr tarixlərini əhatə edən təlimlərin üçüncü günündən etibarən iştirakçılar ilk 2 gündə əldə etdikləri məlumatlar əsasında praktiki fəaliyyətlərə cəlb olunublar.
İlkin olaraq, ACER-də Qiymətləndirmə və Psixometriya Tədqiqatı bölməsində tədqiqatçı Andrew Mannion ümumi sessiyada çoxseçimli və çoxdan seçimli sualların yazılmasına dair əsas prinsipləri iştirakçıların nəzərinə çatdırıb və onların mövzu ilə bağlı suallarını cavablandırıb. Ümumi sessiyalar bitdikdən sonra iştirakçılar fənlər üzrə kiçik qruplarda test hazırlama fəaliyyətlərinə cəlb olunublar.
Riyaziyyat üzrə sessiyalarda iştirakçılar günün çox hissəsini təlim öncəsi hazırladıqları materiallar əsasında riyaziyyat sualları hazırlamaqla keçiriblər. Bu suallar panel iclaslarda müzakirə olunaraq təkmilləşdirilib.
Oxu üzrə sessiyalarda iştirakçılar təlimin ilk günlərində öyrəndikləri mətnin formatı, növü, sualın tipi, qiymətləndirilən səriştələr və s. məsələləri nəzərə almaqla testlər hazırlayıblar. Hazırlanan suallar panel müzakirəyə çıxarılmaqla çoxsaylı rəy və təkliflər alıb.
Təbiət əsaslı sessiyalarda da iştirakçılar oxşar şəkildə çoxseçimli cavab formatında təbiət sualları hazırlamağa, kiçik qruplarda tənqid etməyə və rəy əsasında onları təkmilləşdirməyə cəlb olunublar.
Xatırladaq ki, ACER təşkilatı tərəfindən keçirilən təlimlərin əsas məqsədi qiymətləndirmə çərçivə sənədinin hazırlanması, tapşırıqlar üçün təlimatların və stimulların seçilməsi, çoxseçimli, çoxdan seçimli və yaradıcı cavab tələb edən tapşırıqların hazırlanması, tərtibi üzrə təlimatlar və keyfiyyət təminatı daxil olmaqla, test dizaynı və tapşırıq yazılması istiqamətində müəllimləri inkişaf etdirməkdir.