Logo

“Müəllim öyrətmək istəyirsə, özü hər gün öyrənməlidir” - MÜSAHİBƏ

09.10.2024 17:02 262 baxış
IMG

Ata-ana təbiətsə, 
Ustad, nicat müəllimdir. 
Həyat arzu səadətsə,
Ona qanad müəllimdir.

Şair Mikayıl Azaflının da dediyi kimi həyatdakı ən böyük ustadımız müəllimlərimizdir. Biz müəllimlərimizin sayəsində həyatı dərk edir, sevgini, məsuliyyəti öyrənirik. 

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi öz işinə olduqca məsuliyyətlə yanaşan, yüksək insani keyfiyyətlərə malik olan ziyalımız, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktoru, respublikamızın Əməkdar müəllimi Qalib Bəşirov ilə həmsöhbət olduq. 

- Xoş gördük, Qalib müəllim, xahiş edirik özünüzü oxuculara təqdim edəsiniz 

- Bəşirov Qalib Zakir oğlu 1955-ci ildə İsmayıllı rayonunda ziyalı ailəsində anadan olmuşam. 1961-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin I sinfinə qəbul olmuş, 1971-ci ildə X sinfi bitirmişəm. 1972-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil oldum və 1977-ci ildə həmin fakültəni bitirərək “Fizika müəllimliyi” ixtisasını bitirdim.  

- Əmək fəaliyyətinə neçənci ildə başlamısınız?

- İlk dəfə 1977-ci ildə İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışam. 1980-1981-ci illərdə 138 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1981-1984-cü illərdə Rayon Komsomol komitəsində əvvəlcə komsomol təşçilatları şöbəsinin müdiri, sonra Rayon komsomol komitəsinin III katibi vəzifəsində işləmişəm. 1984-1986-cı illərdə Rayon Partiya komitəsində təlimatçı işləmişəm. 1986-ci ildən, otuz bir yaşımdan bu günə kimi İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıram.

- Qalib müəllim, rəhbərlik etdiyiniz məktəbin uğurları çoxdur. Kollektiviniz, şagirdləriniz hər il bu uğurların üzərinə uğur gətirir, qabaqcıl təcrübəniz ölkənin bir sıra məktəblərində təbliğ olunur. Davamlı uğur qazanmağın sirri nədədir?

- Uğur qazanmağımızda xüsusi bir sirr yoxdur. Böyük Nizami Gəncəvi yazırdı ki,

Hər kəs öz yerini tapsa həyatda, 
Sanki xəzinə var başının altda. 

Uğur qazanmaq üçün güclü nizam-intizam qurmaq lazımdır. Güclü intizam olmayan yerdə uğur ola bilməz. Hesab edirəm ki, hər hansı bir sahədə çalışan adam öz işinin mahiyyətini bilməlidir, öz işinə sevgisi olmalıdır. Bu hisslər müəllimlik sahəsində çalışanlarda daha güclü olmalıdır. Müəllimlik peşəsi müqəddəs olduğu qədər də çətindir. Müəllim öyrətmək istəyirsə, özü hər gün öyrənməlidir. Biz müəllimlər bir-birimiz ilə təcrübə paylaşımı etməli, bir-birimizdən öyrənməliyik. 

İşlədiyim bu illər ərzində intizamlı işçi olmuşam. Vaxtaşırı olaraq müəllimlərin dərslərini dinləməklə onların təlim metodlarının təkmilləşməsinə kollektiv olaraq birgə əmək sərf etmişik. Mənim həm özümə, həm işlədiyim kollektivə, həmçinin şagird kontingentinə qarşı çox tələbkar olmağım işimə məsuliyyətlə yanaşmağımdan irəli gəlir. Biz bir kollektiv olaraq hər zaman son dərəcə məsuliyyətlə işləyirik. Bunun nəticəsidir ki, məktəbimiz ölkənin qabaqcıl məktəbləri sırasında yer alır. Məzunlarımızdan bir çoxu yüksək nəticə göstərərək vətənimizin və vətənimizdən kənarda ali və orta ixtisas təhsil müəssisələrində təhsil alırlar. 

- Dövlət başçısının müvafiq sərəncamı ilə sizə respublikanın Əməmkdar müəllimi adı verildi. Əməkdar müəllimə aparan yol çox çətin deyil ki?

- Əmək fəaliyyətim ən ali səviyyədə mükafatlandırılıb. Əməkdar müəllim adına layiq olmaq üçün çox çalışmaq lazımdır. Düzü, işlədiyim illərdə Əməkdar müəllim adını almaq üçün can atmamışam, amma çəkilən heç bir əziyyət də yerdə qalmır. Təqdir olunmaq olduqca qürurlu və məsuliyyətlidir. Bu ad mənim məsuliyyətimi birə-beş artırdı. 2018-ci ildə Əməkdar müəllim fəxri adı ilə təltif olunanlar arasında adımı görüncə çox qürurlandım və fərəh duydum. 

- İsmayıllı şəhər 6 nömrəli tam orta məktəb ilə bağlı xatirələriniz çoxdur yəqin ki,...  

- Düzünü desəm, məktəblə bağlı ilk xatirəm həmin məktəbə 38 il əvvəl direktor təyin olunmağım ilə bağlı peşmançılığım idi. İzah üçün deyim ki, həmin vaxtlarda məktəbdə vəziyyət ürəkaçan deyildi. Binadan tutmuş təhsilə qədər... Düşünməzdim ki, nə zamansa həmin məktəb ölkənin qabaqcıl məktəbləri sırasında yer alacaq, müəllimlərimizin və şagirdlərimizin uğurları nümunə olacaq.  Bildiyim o idi ki, məktəb binası, otaqlar, foyelər səliqə-səhmanlı olmalıdır, müəllim dərsinə hazırlaşıb girməlidir, müəllim dərsə gecikməməlidir, şagirdlər üzrsüz  səbəbdən dərs buraxmamalıdır, xülasə intizam əsas meyar olmalıdır. Valideynlərlə əlaqə gücləndirilməli, onlarla maarifləndirilmə işlərinin səmərəsi artırılmalıdır. Görülən işlərin “sağol”u, səhvlərin iradları bildirilməlidir. İşlədiyim kollektivə, əvvəlcə qayğı, sonra tələb işlərimin əsasını təşkil edir. Elə bu minvanla öz vəzifə borcumuzu həyata keçirib birlikdə də uğurlar əldə etməyə nail olduq. 

- Pedaqoji fəaliyyətiniz dövründə ən yaddaqalan hadisələri bizə danışardınız

- Uzun illər əvvəl Azərbaycan Dövlət Televiziyasında “Məktəblilərin Tusi klubu” təşkil olumuşdu. “Tusi klubu”nun bilik yarışında bizim məktəb qalib gəldi və “Super kuboku” qazandıq. Bu hadisə bizim məktəbin o vaxtar üçün böyük qələbəsi olduğundan yaddaqalan bir məqam idi bizim üçün. Müxtəlif vaxtlarda məktəbimizin şagirdləri inşa yazı və bədii qiraət müsabiqələrində, həmçinin idman yarışlarında ölkə birincisi olmağı bacarıblar. Hərbi idman komandamız dəfələrlə öklə üzrə ikinci, üçüncü yerləri qazanıb, bir dəfə ölkə çempionu olmuşuq. İki idmançımız Avropa çempionu olub. Bütün bu uğurlar bizim üçün olduqca qürurverici və unudulmazdır. 

Məktəbimizin şagirdi Bəhrəm Həsənov Meksikanın Mexiko şəhərində baş tutan, dünyanın 42 ölkəsinin qoşulduğu “Demokratiyaya gedən yol” adlı beynəlxalq inşa yazı müsabiqəsində inşa yazısı ilə birinci yeri qazanıb. Şagirdimiz dünya miqyasında inşa yazı müsabiqəsində birinci yerini qazanıb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfidən mükafatlandırılıb.

Səmərəli hadisələrimiz kifayət qədərdir. Qəbulu imtahanlarında məktəbimiz müxtəlif illərdə rekordlara imza atıb. Belə ki, məktəbimizin 3 məzunu 700 bal, 695 və 692 bal toplayaraq ali məktəblərə qəbul olunub, Prezident təqaüdünə layiq görülüblər. Şagirdlərimiz son iki ildə Respublika Fənn Olimpiadasında 4 qızıl, iki gümüş medal qazanıblar. Təkcə bu il Respublika Fənn Olimpiadasında 3 şagirdimiz qızıl medal qazanaraq kollektivimizə qürurverici anlar yaşadıb. Şagirdimiz Osman Həsənov Azərbaycandan seçilmiş 4 məktəblidən biri və ən yüksək nəticə göstərən məktəbli olaraq İrlandiyada keçirilən Beynəlxalq coğrafiya olimpiadasında ölkəmizi uğurla təmsil edib. Həmçinin məktəbimizin iki şagirdi “Əlaçı” televiziya layihəsinin qalibi olub.

Biz kollektiv olaraq həmişə dövlət qayğısını öz üzərimizdə hiss etmişik. Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin yeni binası tikilib istifadəyə verildi. Dövlət başçısı, cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binasının açılışında iştirak etməsi, bizimlə çox səmimi münasibət qurması, cənab prezidentimiz ilə birlikdə şəkil çəkdirməyimiz bizim üçün ən yaddaqalan və ən qürurverici hadisə idi. 

Müəllimlik fəaliyyətimdə qazandığım ən ali mükafat dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Əməkdar müəllim” fəxri adı olub. Həmçinin bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ulu öndər “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşəm.

- Gənc müəllimlərə tövsiyyələrinizi dinləmək istəyirik

- Hazırda kollektivdə böyük bir gəncləşmə gedir. Kollektivimizə gələn gəc müəllimlərə hər zaman dəstəyimizi göstəririk. Vaxtaşırı təcrübə paylaşımı edirik. Həm kollektivimizin, həmçinin də məktəblilərin səliqə-səhmanı da hər zaman diqqətimizdədir. Biz, gənc müəllimləri bir araya toplayıb onlara tövsiyələrimizi veririk. Gənc müəllimlərə innovativ layihələrdə iştirak etməyi, həm ölkəmizin, həm də dünyanın qabaqcıl dövlətlərinin təhsil yeniliklərini öyrənərək öz sferasında tətbiq etməyi məsləhət görürük. Həmçinin də təlim-tərbiyə prosesində şagirdə fərdi yanaşmağı, intizamlı olmağı, şagirdə şəxsiyyət kimi yanaşmağı tövsiyə edirik. 

Mətbuat və televiziya verlişləri şagirdlərin tərbiyəsinə və mariflənməsinə müsbət təsir göstərməlidir

Təssüf ki, son vaxtlar televiziya verilişlərinin, proqramların maarifçiliyə xidməti məhdud saydadır. Mən çox istərdim ki, televiziya məkanında təhsil uğurlarını vaxtaşırı olaraq təbliğ edəcək verilişlərin sayı çox olsun. Mətbuat və televiziya verlişləri şagirdlərin tərbiyəsinə və mariflənməsinə müsbət təsir göstərməlidir. Təhsil uğurlarını göstərən proqramların sayı artırılsa, daha yaxşı olardı.    

- Qalib müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik. Sizə gələcək işlərinizdə hər zaman olduğu kimi davamlı uğurlar arzu edirik.
 

Xəbər lenti