Logo

Azərbaycanlı tələbələrin iştirakı ilə Türkiyədə oyun dizaynı üçün təlim metodologiyası hazırlanıb

10.10.2024 11:45 191 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları  Erasmus+  proqramı üzrə reallaşan “DigiCult Game Design” layihəsi çərçivəsində keçirilən növbəti görüşdə iştirak ediblər.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

AzMİU-nun da tərəfdaşı olduğu layihədə universiteti Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Fəridə Qasımova və İqtisadiyyat və marketinq kafedrasının müəllimi Natiq Məhəməliyev təmsil ediblər.

Türkiyənin Bahçeşehir Universitetində təşkil olunan görüşə universitetin əməkdaşları ilə yanaşı, layihədə iştirak edən 5 tələbə Bəyimxanım Ədilova, Ruslan Qarayev, Fidan Məmmədova, Şahlar Allahyarov, Aytən Əhmədxanlı da qatılıb.

Tərəfdaş ölkələrin tələbələri birgə qruplarda çalışaraq yeni oyun dizaynı üçün təlim metodologiyası hazırlayıblar. Təlim metodologiyasının pilot tətbiqi kimi təşkil edilən “Rəqəmsal Oyun Dizaynı” seminarı tələbələr üzərində sınaqdan keçiriləcək.

Təlim modullarının son halı təqdim edilməzdən əvvəl bir qrup tələbə ilə test olunacaq və nəticələrə uyğun olaraq metodologiya yenidən nəzərdən keçiriləcək. Maddi və qeyri-maddi mədəni irs məlumatları ilə yaradılan rəqəmsal oyunlar bu tədqiqatın nümunəvi nəticələrini təşkil edəcək.

Qeyd edək ki, layihəyə tərəfdaş olan universitetlər arasında AzMİU ilə yanaşı, ESOGU, Eskişehir Texniki Universiteti, Bahçeşehir Universiteti, Universita Degli Studi Di Firenze, Kataloniya Politexnik Universiteti də var.

Xəbər lenti