10 oktyabr tarixində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Mingəçevir şəhərinə səfər edib. Səfər zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.
Görüşdə Mərkəzi Aran Regional təhsil idarəsinin müdiri Elçin Kərimov, Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova və şəhərin ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edib.
Görüşdə Mətin Kərimov regionda fəaliyyət göstərən müəllimlərin zəhmətini yüksək dəyərləndirib, şagirdlərin ideoloji maarifləndirilməsinə xüsusi diqqət ayrılmasının önəmindən danışıb. Aparat rəhbəri Zəfər tariximizin yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində müəllimlərin ideoloji maarifləndirmə prosesində olduqca mühüm rola malik olduğunu diqqətə çatdırıb:
“XXI əsrin tələblərinə uyğun rəqabət qabiliyyətli insan kapitalının, eyni zamanda vətənpərvər şəxslərin yetişdirilməsi ölkəmizin strateji hədəfidir. Cənab Prezident öz çıxışlarında bizə ideoloji fəaliyyət, təlim-tərbiyə ilə bağlı fikirlərini və düşüncələrini çatdırıb. Biz, dəyərlərinə bağlı bir millət olaraq təhsilin inkişafında da öz dəyərlərimizə sahib çıxmalıyıq”.
Daha sonra Mərkəzi Aran Regional təhsil idarəsinin müdiri Elçin Kərimov regionda fəaliyyət göstərən müəllimlərin uğurlarından bəhs edib. O, regionda təhsilin inkişafında müəllimlərin böyük əməyi olduğunu vurğulayıb. Təhsil sektorunun müdiri Sevinc Həsənova isə olimpiada qalibi olan şagirdlər haqqında geniş məlumat verib, onların qazandıqları uğurlardan danışıb.
Daha sonra şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı, həmçinin region təhsilinin inkişafı kimi məsələlərlə bağlı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb.