Oktyabrın 10-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir neçə məktəblərdə olub.
Nazir müavini səfər çərçivəsində təhsil ocaqlarında yaradılan şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək məqsədilə Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib.
Nazir müavini sözügedən məktəblərdə tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb. Görüşlər zamanı məktəbin idarə olunması və tədris prosesinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və fikirləri dinlənilib, qarşıdakı məqsədlər müzakirə olunub.
Firudin Qurbanov səfəri zamanı bu ərazilərdə yaşayan şagirdlərin yüksək keyfiyyətli təhsil alması üçün həyata keçirilən işlərlə tanış olub və təhsil şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verib.
Qeyd edək ki, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə hazırda 124 şagird təhsil alır və 18 nəfərlik pedaqoji heyət fəaliyyət göstərir. Bundan əlavə, məktəbdə icma əsaslı məktəbəqədər təhsil qruplarında 26 uşaq təhsilə cəlb olunub.
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə isə tədrisə cəlb edilən şagirdlərin sayı 500-dən çoxdur. Onlardan 50-yə yaxını məktəbəhazırlıq qrupunda təhsil alır. Məktəbin 39 nəfər işçi heyəti var.
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə 71 şagird təhsil alır, bunlardan 8 nəfər məktəbəhazırlıq qrupundadır. Bu məktəbin pedaqoji heyəti isə 18 nəfərdən ibarətdir.