Bir neçə gün öncə Goranboy rayonunun R.Bağırov adına orta məktəbində lobarant vəzifəsində çalışan İbrahimova Gülər Qnyaz qızı tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktubunun tərəfimizdən dərhal araşdırılmasına başlanılmışdır.
Şikayətdə adıçəkilən müəllimin çalışdığı məktəbin direktoru İmran Verdiyev tərəfindən sıxışdırıldığı, ona qarşı qeyri-etik və kobud davranışlara məruz qaldığı bildirilmişdir.
Məsələ ilə bağlı dərhal araşdırmalara başlayan "Tehsil.biz" redaksiyasının əməkdaşları tərəfindən Təhsil Nazirliyinə bu barədə sorğu göndərilmiş və nazirliyin operativ müdaxiləsi sayəsində problem aradan qaldırıılmışdır.
Belə ki, redaksiyamızın Təhsil Nazirliyinə məlumat verməsi nəticəsində nazirlik Goranboy rayonunun təhsil şöbəsinə müvafiq göstərişlər vermiş və direktor-müəllim münaqişəsinə dərhal son qoyulmasını tələb etmişdir. Bundan sonra rayon təhsil şöbəsi tərəfindən həm məktəb direktoru İmran Verdiyev, həm də şikayətçi müəllim Gülər İbrahimova ilə danışıqlar aparılmış və münaqişəyə son qoyulmuşdur.
Məsələyə ciddi münasibət bildirən və operativ müdaxilə edərək problemin həllində əsas rol oynayan Təhsil Nazirliyinə və Goranboy Rayon Təhsil Şöbəsinə təşəkkür edirik!