Logo

Dünyada elmin inkişafında müsəlmanların rolu.

13.10.2024 21:27 374 baxış
IMG

İlk çoxşaxəli təhsil ocağı - universitet müsəlman Şərqində təsis olunmuşdur. Dünyada davamlı fəaliyyət göstərən ilk təhsil ocağı Mərakeşin Fəs şəhərində yerləşən Qərəviyyin kompleksi sayılır.

859-cu ildə açılmış bu universitetdə ilahiyyat elmləri ilə yanaşı ərəb dili qrammatikası, məntiq, tibb, riyaziyyat, astronomiya, tarix, kimya, coğrafiya və musiqi də tədris edilirdi.

Bundan 130 il sonra, 988-ci ildə Misrin paytaxtı Qahirədə daha bir qədim elm mərkəzi - əl-Əzhər universiteti açıldı.
Avropalılar müsəlmanlardan 240 il sonra - 1088-ci ildə özlərinin ilk dünyəvi təhsil ocağını - Bolonya universitetini təsis etdilər. Qərb dünyasının fəxr etdiyi Oksford, Kembric və Sorbonna universitetlərinin yaranma tarixi isə bundan da sonralara - XII-XIII ərlərə gedib-çıxır.

Bu gün ilk kitab çapı XV əsrdə yaşamış alman ixtiraçısı İohan Qutenberqə aid edilir. Lakin hələ XI əsrin ortalarında Çinli Bi-Şen bişirilmiş kərpicdən hazırladığı hərflərlə ilk çap əməliyyatını həyata keçirmişdi. Görkəmli şərqşünas Filip Hitti "Ərəblərin qısa tarixi" əsərində yazının süni yolla çoxaldılması üsulunun bundan da əvvəl müsəlmanlara məlum olduğunu yazır. Əndəlus əmiri Əbdürrəhmanın katiblərindən biri rəsmi sənədləri evində yazdıqdan sonra xüsusi çoxaltma mərkəzinə göndərirdi. Həmin çapxana bizə məlum olmayan bir texnologiya əsasında işləyən ibtidai mətbəə idi. Rəsmi sənədlər hökumət məmurlarına ordan paylanırdı.

X əsrdə hakimiyyət sürmüş Əndəlus əmiri II Həkəmin Kordovadakı kitabxanasında 600 min cild kitab vardı. Bundan 400 il sonra Fransa kralı "müdrik" ləqəbli V Karl öz kitabxanasına cəmi 900 nüsxə kitab toplaya bilmişdi. Fransız şərqşünası Qotye müsəlmanların kəşfləri qarşısında heyranlığını gizlətməyərək yazırdı: "Əgər Qərb intibahı İslam mədəniyyətinin kitab, kağız, poçt rabitəsi kimi miraslarına yiyələnməsəydi, Qərbin hansı vəziyyətdə olacağını təsəvvür etmək dəhşətlidir".

Orta əsrlərdə bir çox elm sahələrində olduğu kimi tibbdə də aparıcı rol müsəlmanlara məxsus idi.
Hələ XIII əsrdə İbn Nəfis kiçik qan dövranını kəşf etmişdi. Lakin indi də bu kəşf Ibn Nəfisdən 300 il sonra yaşamış Mişel Servetusa aid edilməkdədir.

 

İlknur Əsədova

Xəbər lenti