Logo

“Mirzə Ələkbər Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği”

13.10.2024 21:42 481 baxış
IMG

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Mirzə Ələkbər Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” adlı tədbir keçirilib.

Tehsil.biz-in məlumatına görə tədbirdə Mirzə Ələkbər Sabirin () nəvəsi, böyük şairin adını daşıyan fondun təsisçisi və prezidenti, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva, AU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və TEC üzvləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Səfər Məmmədov açaraq Mirzə Ələkbər Sabirin yaradıcılığı haqqında danışıb, onun əsərlərinin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib. 

Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli məruzəsində rəhbərlik etdiyi fondun Sabir irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə yer alan material və məlumatlar toplanaraq vahid baza yaradılıb. Sabirin “Hophopnamə”si tələbələr tərəfindən audiovizual şəkildə səsləndirilib. Gələcəkdə bu kimi layihələrdə Azərbaycan Universitetinin tələbələri də iştirak edə bilərlər. 

Digər çıxışlardan sonra Sabirin 1910-cu ildə ədəbiyyatşünas, publisist və jurnalist Salman Mümtaza verdiyi ilk və yeganə müsahibə səsli olaraq tədbir iştirakçılarına təqdim olunub. Müsahibə professor Şirməmməd Hüseynov tərəfindən “Günay” qəzetinin 20 aprel 2002-ci il tarixli sayında dərc etdirilib.

Xəbər lenti