COP29 çərçivəsində 11 oktyabrda ARTİ-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu H.Quliyev adına texniki fənlər təmayüllü Çaytumas kənd məktəb-liseyində təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda simulyasiya təlimi keçirilib. Təlim təşkil olunan məktəb-liseylə yanaşı, Qubadlı şəhər Q. İlyasov adına 1 nömrəli tam orta məktəb, Qubadlı rayonu M.Ağayarov adına Kavdadıq kənd tam orta məktəbi və Əliquluuşağı kənd tam orta məktəbin müəllimləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qubadlı rayonu H.Quliyev adına texniki fənlər təmayüllü Çaytumas kənd məktəb-liseyin direktoru, əməkdar müəllim Şamama Həsənova “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycanda keçirilməsinin siyasi, iqtisadi əhəmiyyətindən danışıb və ölkəmizin indiyə qədər ev sahibliyi etdiyi ən nüfuzlu beynəlxalq tədbir kimi dəyərləndirib. Qeyd olunub ki, ümumtəhsil müəssisələrində ekoloji tərbiyənin düzgün formalaşdırılması, ətraf mühitin qorunması, iqlim dəyişmələri, COP-la bağlı məlumatların təbliğ olunması cəmiyyət üçün çox önəmlidir və ARTİ tərəfindən belə maarifləndirici görüşlərin keçirilməsi, fikir mübadiləsi aparılması təqdirəlayiqdir.
ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva COP29 haqqında təhsilverənlərə ümumi məlumat verərək qlobal istiləşmənin, iqlim dəyişmələrinin iqtisadiyyat və bütövlükdə cəmiyyət üçün ciddi təhlükələr yaratdığını vurğulayıb. Bu baxımdan, dərs zamanı müəllimlərə iqlim dəyişikliyi və ekoloji problem haqqında maarifləndirmə səviyyəsini artırmağı, ekoloji layihələrdə aktiv iştirak etməyi, ekoloji tərbiyəni gücləndirməyi tövsiyə edib.
ARTİ əməkdaşı Xalidə Hüseynova “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib, daha az karbon emissiyası yaradan və enerji mənbəyi olan təbii qaz ehtiyatları ilə yanaşı Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi zamanı Avropaya təmiz enerji keçidi haqqında geniş məlumat verib.
Təlimin sonunda mövzu ətrafında suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.