Logo

ADPU tələbələri asudə vaxtlarını səmərəli keçirirlər - ekskursiyalar, dərnəklər, yarışlar...

14.10.2024 14:51 266 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları və maraq klubları tələbələrin asudə vaxtının səmərəli təşkili, sosial-ictimai aktivliklərinin artırılması üçün mütəmadi olaraq müxtəlif mövzularda maraqlı layihələr - ekskursiyalar, dərnək məşğələləri, intellektual yarışlar və s. həyata keçirirlər.

Bu baxımdan həftəsonları tələbələr üçün xüsusilə faydalı keçir. Belə ki, oktyabrın 12-də ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) nəzdində fəaliyyət göstərən dərnəklərin fəaliyyətinə yenidən start verilib. Xarici dil dərnəyində ingilis dili üzrə təlimlərə, rəqs dərnəyində milli rəqslərin öyrədilməsinə başlanılıb. Musiqi dərnəyi çərçivəsində isə piano aləti ilə birgə ilk dəfə olaraq gitara alətində ifa dərslərinin keçirilməsinə başlanılıb.

Qeyd edək ki, bu dərnəklərdə "tələbənin-tələbədən öyrənməsi" prinsipi ilə istedadlı tələbələr tərəfindən digər tələbə yoldaşları üçün müxtəlif mövzularda praktik məşğələlər təşkil olunur.

Həftəsonu digər maraqlı tədbir isə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən keçirilib. ADPU THİK nəzdində Əyləncə və məntiq klubunun təşkilatçılığı ilə oktyabrın 12-də tələbələrin "Yarat" Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində tələbələr mərkəzdə olan eksponatlarla tanış olub, onları maraqlandıran suallara cavab tapıblar.

Xəbər lenti