Logo

Daha 2 kollecə direktor müavini təyin olunub

15.10.2024 09:27 134 baxış
IMG

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) tabeliyindəki kolleclərə direktor müavinləri təyin olunub.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, EATDA-nın müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr  dərəcəsi alıb. O, 2013-2022-ci illərdə  müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.

Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.

Xəbər lenti