Logo

Şirvan-Salyan regionunun məktəbliləri xüsusi dizaynı olan çoxfunksiyalı dron hazırlayıblar

18.10.2024 14:49 467 baxış
IMG

Bildiyimiz kimi, “Yaşıl SAF 2024” yarışmasına sayılı günlər qalıb. Sözügedən tədbirin finalında Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 komanda iştirak edəcək.

 “Skyfar” komandasının üzvləri, müəllimlərlə söhbətləşib, onların bu yarışa necə hazırlaşmaları ilə maraqlanıb.

Telli Hüseynova Şirvan şəhər 16 nömrəli tam orta məktəbin informatika müəllimi, həmçinin Şirvan şəhər kimya, biologiya təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Şirvan STEAM Mərkəzinin əməkdaşıdır. Onun sözlərinə görə, müəllimlik fəaliyyətinə başladığı ilk illərdən robototexnika, proqramlaşdırma, layihələr üzərində işləmək və s. kimi sahələr marağını cəlb edib:

"2019-2020-ci tədris ilində bütün sadaladığım sahələri və daha çoxunu özündə cəmləşdirən STEAM layihəsinin Azərbaycan məktəblərində, bir il sonra isə məhz Şirvanda tətbiq olunması mənim də bu layihənin bir üzvünə çevrilməyimə gətirib çıxardı. Daha sonra STEAM modullarına həvəs göstərən və xüsusi bacarıqları ilə STEAM dərslərində seçilən şagirdlərimlə komandalar yaradaraq yarışlarda iştirak etməyə başladıq. Bu il komandamızla birlikdə festivalın ən maraqlı və xüsusi bacarıq tələb edən kateqoriyalardan biri olan “FlyTech” kateqoriyasına qoşulmağa qərar verdik. Bu kateqoriyada robototexnika bacarıqlarını inkişaf etdirən şagirdlər uçuş aparatları texnologiyalarını, onların daxilindəki proqram təminatını və müxtəlif innovativ sensorları öz ideyaları ilə birləşdirir və səmaya qaldırır. Beləliklə, biz öz dizayn etdiyimiz və proqramlaşdırdığımız dron hazırlayırıq, bu dron verilmiş tapşırıqları icra etmək üçün müəyyən hündürlüyə qalxmalı və kənardan idarəetmə funksiyasına malik olmalıdır. Qalib olmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu il Beynəlxalq Yaşıl SAF adı altında keçirilən festivala artıq 4-cü dəfədir ki, qatılırıq. Hər il müxtəlif nailiyyətlər əldə etmişik:
SAF 2021 - 1-ci yer, SAF 2022 - 1-ci və 2-ci yerlər, SAF 2023 - 3-cü yer".

Komanda üzvləri Qismət Səmədov və Onur Əkbərli 16 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiləridir. Onların sözlərinə görə, texnologiya və dron layihələrinə böyük maraqları var:
 

 


 

 

 

"Komandamızla birlikdə yaratdığımız hər layihədə texniki bacarıqlarımızı daha da inkişaf etdirməyə çalışırıq. Texnologiyaya və xüsusilə dron sistemlərinə olan marağımız bizi bu yarışa cəlb etdi. Yarışa qatılmaqla həm öz bacarıqlarımızı sınamaq, həm də yeni texnologiyalar öyrənmək imkanı əldə edəcəyimizi düşündük. Bu cür platformalar  texnoloji yenilikləri paylaşmaq və peşəkar mühitdə təcrübə qazanmaq üçün əla fürsətdir.

Yarış üçün xüsusi olaraq dizayn etdiyimiz parçalarla və bizə göndərilən dron seti ilə bir dron hazırlamışıq. Dronumuzda "land switch" xüsusiyyəti var. Bu switch-i istifadə etdikdə dron avtomatik olaraq yerə enir. Həmçinin, dronumuzda paraşüt buraxma mexanizmi mövcuddur. Bu da başqa bir switch vasitəsilə idarə olunur. Switch-i istifadə etdikdə qapaq açılır və paraşüt buraxılır. Əlbəttə, qalib olacağımıza inanırıq. Həm komandamızın əməkdaşlıq ruhu, həm də hazırladığımız dronun texniki xüsusiyyətləri bizə inam verir. Lakin ən əsas məqsədimiz təcrübə qazanmaq və texnologiya sahəsində biliklərimizi daha da artırmaqdır".

Xəbər lenti