Logo

Elmdə yaşanan ömür...

21.10.2024 10:27 761 baxış
IMG

Azərbaycan elminə ağır itki üz vermişdir.

Kimya elminin magikanlarından, nadir simalarından biri Fətağa İmaş oğlu Əbilov 2024-cü il oktyabr ayının 11-də haqq dünyasına qovuşmuşdur. Fətağa müəllim ölkəmizin, xüsusilə Gəncənin sayılıb, seçilən ziyalısı, gözəl pedaqoq, çox məsuliyyətli insan, əməksevər tədqiqatçı, eyni zamanda qayğıkeş ata və ailə başçısı kimi ürəklərdə unudulmaz iz qoyub. Gənc yaşlarından əmək fəaliyyətinə başlayan Fətağa müəllim öz sahəsinin peşəkarı kimi neçə-neçə alimlər nəslinin, pedaqoji kadrların yetişməsində müstəsna xidmətlər göstərmişdir. 

Onun məqalələri dövri mətbuatda çap olunmuş, dərslikləri, vəsaitləri kimyaçı alimlərin, müəllimlərin həmişə köməyinə çatan stolüstü kitabına çevrilmişdir. 
Fətağa müəllim indiki Gəncədə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İşlədiyi müddətdə "Baş müəllim", "Metodist müəllim", "Maarif xadimi", "keçmiş SSRİ maarif əlaçısı", "İlin müəllimi" (2000, 2002-ci illərdə) adlarına layiq görülmüşdür. 
Azərbaycan Respublikası Təhsil İşçilərinin VI-VII, Ümumittifaq Müəllimlərin III, IV qurultaylarında iştirak etmişdir. "Əmək şöhrəti" ordeni və bir sıra medalla və fəxri fərmanlarla təltif olunmuşdur. 
“Azərbaycan müəllimi” qəzetinin Gəncə və ətraf regionun bürosu üzrə müxbir vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Aqrar Universitetində işləmişdir. Onlarla oçerk və hekayələrin, "Məktəbdə yaşanan ömürlər" kitabının, müəllimlər üçün 3 metodik, şagirdlər üçün isə 12 adda dərs vəsaitinin, 3 cildlik "Tale qisməti" romanının, kimyanın tədrisində "Proqram-sxem" üsulunun tətbiqinin müəllifidir.
Fətağa müəllimin işıqlı xatirəsi onu tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaq. Fətağa müəllim kimi şəxsiyyətlər ömürləri ilə elmin və gənc nəslin yolunu işıqlandırıblar. 

Böyük şairimiz Səməd Vurğunun sözləri ilə desək:
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Nur içində yat, əziz insan! Bu həyat yolunda Sən mənə təkcə baba yox, həm də müəllim, həmfikir, müdrik ağsaqqal oldun. 
Elmdə yaşanan ömrün hər zaman mənə örnək olacaq və söz verirəm ki, sənin şərəfli alimlik yolunu sona qədər davam etdirəcəyəm!

 

Xaricdə doktorant, Fəlsəfə doktoru üzrə namizəd Malik Qasımzadə
                            
 

Xəbər lenti