Logo

Dünya çempionu olan mühəndis: İdman mənim üçün həyat tərzidir

21.10.2024 10:57 424 baxış
IMG

İdman mənim üçün sadəcə bir hobbi yox, həm də həyat tərzidir

Nə qədər çox gənc idmanla məşğul olaraq psixoloji cəhətdən möhkəmlənərsə, bir o qədər də çox həyatın eniş-yoxuşunda, mürəkkəb psixoloji məqamlarda aciz qalmaz. İnsanın həyatda müvəffəqiyyət qazanması onun psixoloji cəhətdən özünü dərk etməsindən, öz gücünə və ağlına güvənməsindən asılıdır. Dəfələrlə ölkəmizi beynəlxalq arenada təmsil edərək, müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr əldə edən Yasin İbrahimov da belə gənclərimizdəndir. 
İdmanda çoxsaylı uğurlara imza atan Yasin 2007-ci ildə Bakı şəhərində anadan olub. O, Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbdə orta təhsilini başa vuraraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub və hazırda ali məktəbin birinci kursunda oxuyur. 

İdmana böyük maraq göstərən gənc 9 il taekvondo ilə məşğul olub və bir çox uğurlar qazanıb. Yasin deyir: “İdman mənim üçün sadəcə bir hobbi yox, həm də həyat tərzidir. Uşaq yaşlarından idmanla məşğulam və ilk nailiyyətlərim Koreya döyüş sənəti olan taekvondo üzrədir. Bu döyüş növünün xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır. Taekvondo idmançıdan nəzakət, dürüstlük, əzmkarlıq, özünü idarə etmə və dönməz ruhdan əlavə yüksək fiziki bacarıq tələb edir. Əzmkarlığım sayəsində bütün tələblərin öhtəsindən gəlməyi bacarmışam. Taekvondo ilə məşğul olduğum dövrdə 2016-cı ildə Belarusiyanın Minsk şəhərində keçirilən dünya kubokunda 3-cü yerə nail olmuşam. 2017-ci ildə Kiprdə keçirilən Avropa Çempionatında 2 qızıl medal, 2018-ci ildə Çeçenistanda təşkil olunmuş Qafqaz Kubokunda 2 qızıl medal qazanmışam. 2019-cu ildə isə Özbəkistanın Buxara şəhərində keçirilən beynəlxalq turnirdə 3-cü yerin sahibi olmuşam”. 


Savatın assault növü ilə isə Yasin İbrahimov 2 ildir məşğuldur və artıq qızıl medallara sahibdir: “Savat ilə az müddətdir məşğul oluram. Hələ taekvondo ilə məşğul olarkən savat idman növü üzrə respublika çempionu oldum və məni Savat Milli Yığma Komandasına dəvət etdilər. Keçən ilin 6-7 oktyabr tarixində Avstriyanın Veyz şəhərində keçirilən dünya kubokunda 52 kq çəki dərəcəsində mübarizə apararaq 2-ci yerə sahib oldum. 2024-cü il 6-7 aprel tarixində İtaliyanın Cenova şəhərində keçirilən beynəlxalq turnirdə 56 kq çəki dərəcəsində qızıl medal qazandım. 2024-cü il 20-24 iyun tarixində Bolqarıstanın Kranevo şəhərində keçirilən Avropa çempionatında 52 kq çəki dərəcəsində gümüş medala layiq görüldüm. Bu yaxınlarda Avstriyanın Veyz şəhərində keçirilən dünya kubokunda 56 kq çəki dərəcəsində qızıl medala sahib oldum. Uğurlarıma görə məşqçilərim Taleh Nağızadəyə və Hikmət Xəlilova dərin təşəkkür edirəm”. 


Yasin taekvondo və savat arasında elə böyük fərq olmadığını bildirir: “Fransız boksu – savat döyüş növünün vətəni adından da bəlli olduğu kimi Fransadır. Fransızca “savate” sözü “köhnə çəkmə, başmaq” mənasını verir və idmançıların xüsusi görünüşlü çəkməyəbənzər ayaqqabılarda döyüşdüyü yeganə idman növüdür. Burada əllər və ayaqlardan eyni şəkildə istifadəyə icazə verilir. Taekvondoda ayağa zərbə vurmağa icazə yoxdur. Savat döyüşlərində müxtəlif cür istifadə imkanları yaradılmaqla 4 növ ayaq və 4 növ əl zərbələrindən istifadəyə icazə verilir. Savatın müxtəlif versiyaları mövcuddur. Savat döyüşləri boks rinqində keçirilir və 2-5 raund arası dəyişilir. Mənə savat idman növü daha yaxındır. Çünki bu idman növündə döyüşəndə mən döyüşü tam olaraq hiss edirəm”.

Uğurlu idmançı və mühəndis olmaq arzusu 

Ali məktəbdə yaxşı oxuduğunu, gələcək ixtisasının sirlərini həvəslə öyrənməyə can atdığını dilə gətirən gənc idmanın, tez-tez müxtəlif turnirlərə qatılmasının onun təhsilinə mənfi təsir etmədiyini deyir. Əksinə, bir çox ölkələri gəzmək, bayrağımızı dünya dövlətləri bayraqları arasında yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək kimi anların ona böyük xoşbəxtlik bəxş etdirdiyini dilə gətirir. Müxtəlif mədəniyyətlərlə, uşaqlarla ünsiyyətdə olmağın onun dil biliklərinin, dünyagörüşünün artmasına çox müsbət təsir göstərdiyini vurğulayır. 


Yasin İbrahimov deyir: “Ali məktəbə qəbul olarkən ixtisasımı valideynlərimin məsləhəti ilə  seçmişəm. Lakin hazırda AzMİU-nu, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”ni seçdiyimə görə çox düzgün addım atdığımı düşünürəm. Bu ixtisas aktual və gələcəyi olan bir peşədir. Dərslərimiz çox maraqlı keçir, tələbə yoldaşlarımla məlumatsız olduğumuz bir çox yenilikləri kəşf edirik. Universiteti bitirdikdən sonra ixtisasım üzrə işləmək arzusundayam. Eyni zamanda idmanla da məşğul olmağa davam edəcəyəm. Gələcəkdə idman sahəsində daha böyük uğurlara nail olmaq arzusundayam”.

Xəbər lenti