Azərbaycan Dillər Universitetinin (ADU) Təhsildə Xarici dillər kafedrasının əməkdaşları- b/m Sabina Rəhimova və bm Ruhlanə Bağırovanın rəhbərliyi ilə İngilis və fransız dilləri fakültəsinin 321b və 327a tələbələri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış "Tullantıdan sənətə” muzeyinə və Zirə mədəniyyət mərkəzi- Eko Parka ekskursiya ediblər.
Ekskursiya COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması məqsədi daşıyır.
Tədbir çərçivəsində ADU-nun baş müəllimləri-Sabina Rəhimova və Ruhlanə Bağırova tələbələrin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, tələbələrin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdırmaq üçün müzakirə və diskuslar keçirib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Dayanıqlı inkişafın məqsədlərinə uygun olaraq, fasiləsiz ekoloji təhsilin təmin olunması, tələbələrin ətraf mühitin mühafizəsi prosesində iştirakının artırılmasından ibarətdir.
Hər il insanlar tərəfindən təbiətə böyük həcimdə tullantı atılır. Bu tullantıların içərisində olan plastik qablar, polietilen paketlər, batareyalar təbiət üçün olduqca təhlükəli hesab edilir. Həmin tullantılar nəinki bu günümüzü, eləcə də, 100, 300 il sonrakı dövr üçün ciddi problem yaradır. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da tullantıların düzgün idarə edilməsi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırılır və yeni yanaşmalar tətbiq edilir. Bu layihələrdən biri "Tullantılardan sənətə" muzeyidir.