Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. Bildirilib ki, Rövnəq Rzayev bu gündən etibarən UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra etməyə başlayacaq.
Rövnəq Rzayev 1970-ci il fevralın 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub. 1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində əyani aspirantura təhsili alıb.
O, 1998-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2014-cü ildə isə fizika üzrə elmlər doktoru alimlik dərəcələrini alıb. 2011-2020-ci illərdə UNEC-in Fizika və kimya kafedrasına rəhbərlik edib, 2020-ci ildən isə Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri olub.
R.Rzayev 160-dan artıq elmi əsərin, o cümlədən 25 impakt faktorlu jurnalda 65 məqalənin, 20 beynəlxalq və 45 respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir. O, Təhsil Nazirliyinin Fəxri fərmanı ilə, 2020-ci ilin sentyabrında isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən, 2024-cü ilin iyulunda prof. R.Rzayevə “Tədqiqatçı-professor” statusu verilib.