Ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbəti açıqlanıb.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə məlumat verib.
“Cari ildə bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74.000 nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”, - deyə şöbə müdiri bildirib.
Turxan Süleyman əlavə edib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq. Bu, o deməkdir ki, biz artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gedəcəyik.