Oktyabrın 24-ü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
TƏHSİL.BİZ xəbər verir ki, müqavilə universitetin rektoru professor Ceyran Mahmudova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.
İmzalanma mərasimində qonaqları salamlayan rektor C.Mahmudova təhsil sahəsindəki son nailiyyətlər və gələcək inkişaf planları barədə söhbət açıb. Rektor qeyd edib ki, insan ömrünün ən yaddaqalan dövrlərindən biri olan tələbəlik illərinin daha yaxşı keçirilməsi, tələbələrin rifahının nisbətən yaxşılaşdırılması baxımından onlar üçün bir sıra güzəştlər nəzərdə tutan “TələbəPlus” layihəsi son dərəcə ümidverici və sevindiricidir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, Fondun əsas missiyası təhsilin dayanıqlı inkişafına nail olmaq, dövlətin təhsil siyasətinin təmin edilməsində yaxından iştirak etməkdir. Təhsilin İnkişafı Fondunun həyata keçirdiyi “TələbəPlus” layihəsi tələbələrin eyni güzəşt və endirimlərdən faydalanmalarını təmin etmək, onların sosial həyatına dəstək göstərmək məqsədi daşıyır.
Elnur Nəsibov qeyd edib ki, “TələbəPlus” layihəsi çərçivəsində müxtəlif alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə etməsi üçün Təhsilin İnkişafı Fondunun öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edilib. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə müəyyən istiqamətlərdə tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Gələcəkdə “TələbəPlus” kartının ali təhsil müəssisələri ilə yanaşı, kollec və peşə təhsili müəssisələrində oxuyan tələbələrə də mərhələli şəkildə verilməsi nəzərdə tutulur.
Daha sonra Təhsilin İnkişafı Fondunun əməkdaşları ilə ADMİU-nun tələbələrinin görüşü baş tutub. Görüşdə E.Nəsibov tələbələrə Fondun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verib. Görüşün davamında tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.
Sonda ADMİU-dan IELTS imtahanında iştirak edən və yüksək bal toplayaraq bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanan iki nəfərə sertifikatlar təqdim olunub.
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” layihəsi çərçivəsində 9 ali təhsil müəssisəsindən ümumilikdə 420-dən çox tələbə və təhsilverənlərin yararlandığını diqqətə çatdırıb.