AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Türkiyənin İzmir şəhərində keçirilən “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, azərbaycanlı alim konqresdə “Media məkanı: siyasi diskurs” mövzusunda məruzə ilə çıxış edib.
Alim məruzəsində qeyd edib ki, müasir siyasi məkanın medialaşması və virtuallaşması virtual məkana funksional və semantik yük qazandırır. Kütləvi siyasi dəyərlərin, mənaların, dünyagörüşünün formalaşmasını və siyasi reallığın dərkini öz açıqlığına görə virtual məkan şərtləndirir. Qeyd edilənlər siyasi prosesdə şəbəkə məsələlərini getdikcə daha çox aktuallaşdırır. Vurğulanır ki, informasiya müharibəsi şəraitində riskləri minimuma endirmək üçün milli informasiya məkanının idarəolunanlığının və suverenliyinin qorunması aktuallaşır. Qlobal informasiya müharibəsi kontekstində öz informasiya təhlükəsizliyini təmin etmək və ictimai şüura kənar təsirlərin aktiv cəhdlərinə qarşı çıxmaq məqsədilə informasiya məkanının hər bir dövlət tərəfindən qorunan milli internet seqmentlərinə parçalanması baş verir. Alim qeyd edib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyi, xüsusilə ideoloji təhlükəsizlik məsələsi aktuallıq kəsb edir.
Konqres iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların vacibliyini qeyd ediblər.