Almaniyanın Konstruktor Universitetinin direktoru və vitse-prezidenti Tomas Auf der Heyde Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradovla görüşən Tomas Auf der Heyde təmsil etdiyi universitet barədə məlumat verib. Universitetdə mühəndislik, kompüter elmləri, biznes və sosial elmlər üzrə bakalavr və magistr proqramlarının mövcud olduğunu, burada dünyanın 120 ölkəsindən tələbələrin təhsil aldığını bildirib.
Rektor Ədalət Muradov UNEC-in təhsil imkanları və beynəlxalq əlaqələrindən danışaraq, xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə tərəflər arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrin sonunda iki universitet arasında əməkdaşlıq istiqamətində işçi qrupunun yaradılmasına dair qərar verilib.