Logo

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25.10.2024 14:35 225 baxış
IMG

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Bu barədə TƏHSİL.BİZ -ə BMU-dan məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə STEPI arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar əvvəlcə universitetin laboratoriyalarını gəziblər. Onlara burada tədris və təcrübə üçün yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

STEPI-nin Qlobal innovasiya strategiyasının tədqiqat şöbəsinin baş elmi işçisi Eun Joo Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül ikitərəfli əlaqələrin uğurlu inkişafını vurğulayıb, ali təhsil sahəsindəki əməkdaşlığın müsbət cəhətlərini qeyd edib.

Görüşdə BMU-nun şöbə müdiri Mayis Əzizov universitetin elm və innovasiyayönümlü fəaliyyəti haqqında məlumat verib. Eyni zamanda, informasiya texnologiyaları sahəsində birgə araşdırmaların aparılması istiqamətində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

BMU Texnoparkın sədri, sözügedən layihənin Azərbaycan üzrə ekspertlərindən biri olan İsa Qasımov STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərlərini xatırladıb. O, qurulan əməkdaşlığın texnologiyaların transferi və elmin kommersiyalaşdırılması baxımından müsbət nəticələrini qeyd edib.

Tədbirdə YTP-nin şöbə müdiri Bünyamin Seyidov layihə haqqında danışıb və Azərbaycan-Koreya elmi-texniki əlaqələrinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Koreyalı qonaqlar STEPI-nin Azərbaycanda innovasiya ekosisteminin inkişafını dəstəklədiyi və bunun üçün kömək etməyə hər zaman hazır olduqlarını bildirib, o cümlədən texnologiyaların transferi ilə bağlı layihənin icra istiqamətləri və hazırkı nəticələri barədə informasiyaları diqqətə çatdırıblar.

Müzakirələr zamanı BMU ilə STEPI arasında əməkdaşlıq potensialı nəzərdən keçirilib, müştərək proqramların hazırlanması, işbirliyinin genişləndirilməsi, həmçinin müəllim və tələbələrin texnoloji ideyalarının, startaplarının kommersiyalaşdırılmasına dair fikir mübadiləsi aparılıb. BMU Texnoparkı tərəfindən icra olunan ASSİP (“Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı") layihəsinin görüşdə iştirak edən nümayəndələrinin təklifləri də dinlənilib. Koreyalı ekspertlər tərəfindən onlara öz akademik startaplarını reallaşdırmaq istiqamətində tövsiyələr verilib.


 

Xəbər lenti