Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarovun elmi məqaləsi Rusiyanın impakt faktorlu “Fəlsəfənin sualları” (“Voprosı fılosofii”) (Web of Science) jurnalında dərc olunub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, A.Qafarovun məqaləsi “Vicdan anlayışına dair düşüncələr: ərəb-türk İslam fəlsəfəsində yanaşmaların müqayisəli təhlili”nə həsr edilib.
A.Qafarov məqalədə “vicdan” məfhumunun etimologiyası və terminoloji mahiyyətini bu ifadə ilə bağlı klassik və Orta əsr ədəbiyyatına əsaslanaraq izah edib. Həmçinin yazıda “vicdan” ifadəsi metafizik, epistemoloji və psixoloji müstəvidə geniş şəkildə müzakirə obyektinə çevrilib.
Məqalədə etimoloji və elmi-fəlsəfi müzakirələrin mənbəyi olaraq Rağıb əl-İsfahani, İbn Mənzur, Cövhəri, Cürcani, Mustafa İbrahim, Şəmsəddin Sami, İbn Kəsr, Musa Bilgiz, Mürtəza Mütəhərri, Əbu İshaq əl-Kindi, Farabi, İbn Sina, Qəzali, İbn Miskəveyh, Nəsirəddin Tusi, Aleks Bertrant, Erix From və digər alimlərin fundamental əsərlərinə də müraciət olunub.