Logo

ADPU-da tələbələr üçün Zəfər, yaradıcılıq və inkişaf silsiləsi

28.10.2024 16:05 108 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin intellektual, mədəni və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də universitetdə aktiv tələbə mühitinə töhfə vermək məqsədilə silsilə tədbir və layihələr icra olunur. Bu baxımdan Pedaqoji Universitetdə həftəsonları xüsusilə rəngarəng keçir. Bu şənbə də bu baxımdan istisna deyil.

Oktyabrın 26-da Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) tərəfindən Vətən müharibəsi qəhrəmanlarını anmaq məqsədi ilə  təşkil olunab “Zəfər turniri” intellektual yarışı ilə "tələbə günü"nə start verilib.

Yarışın açılışında sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və şöbənin əməkdaşı İsmayıl Nəsirov tələbələrə öz dəstəklərini ifadə edərək belə tədbirlərin gənclər arasında vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətini vurğulayıblar. 6 turdan ibarət yarış gərgin mübarizə şəraitində keçib.  

Eyni zamanda, THİK tərəfindən tələbələrin yaradıcılıq potensialını dəstəkləmək məqsədilə təşkil edilən gitara, piano və skripka dərslərinə də start verilib. Paralel olaraq təşkilat tərəfindən rus dili dərsləri başlanılıb, yaxın günlərdən etibarən ingilis və fransız dilləri üzrə dərslərin də təşkil ediləcəyi gözlənilir.

ADPU Yeni Klubun  Tarix və coğrafiya fakültəsi təşkilatının təşəbbüsü ilə  oktyabrın 26-da danışma və eşitmə məhdudiyyətli şəxslər üçün işarə dili dərsləri keçirilib. Seminar-dərsdə tələbələr işarə dilində hərfləri öyrəniblər. Yeni Klub tərəfindən, eyni zamanda Kimya və biologiya fakültəsinin tələbələri üçün Bülbülün Memorial Muzeyinə ekskursiya təşkil edilib. 

Eyni gündə  universitetin Tələbə Gənclər Təşkilatı (ADPU TGT)  da bu silsilə tədbirlərə töhfəsini verib. Təşkilatın fəal üzvləri "Keramika Evi"ni ziyarət edərək bu sənətin incəlikləri ilə tanış olub  və burada nümayiş edilən maraqlı sənət əsərləri ilə tanış olublar.

Həftəsonunun ən maraqlı layihələrindən biri də universitetin Təhsil Könüllüləri Tələbə Birliyi (ADPU TKTB) tərəfindən təşkil edilib. Təşkilat tələbələrin sosial mediadan düzgün istifadə bacarıqlarına yiyələnməsi məqsədilə ilk dəfə olaraq bir aylıq ödənişsiz SMM dərslərinə start verib.  Bununla yanaşı, TKTB tərəfindən Dil dərnəyi çərçivəsində keçirilən alman və rus dili dərslərinin ilk məşğələləri tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin Birlik tərəfindən ötən həftələrdən başlanılmış piano, gitara və rəqs dərslərinin növbəti məşğələləri də baş tutub.

Günə TKTB-nin  sentyabrdan bu günədək olan fəaliyyətinin dəyərləndirildiyi hesabat iclası ilə yekun vurulub.

Xəbər lenti