Logo

Tələbələr qrant müsabiqəsində iştirak etməyə dəvət olunublar

28.10.2024 17:03 139 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev təhsil ocağının tələbələri üçün “Rəqəmsal” mövzuda qrant müsabiqə barədə maarifləndirici görüş keçirib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Gənclər Fondunun ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verdiyini bildirib. Qeyd edib ki, bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov çıxışında Gənclər Fondunun yaratdığı bu fürsətdən hər bir tələbənin yararlanmağını tövsiyə edib. Çünki həyata keçirilən hər bir layihə gənclərin gələcək həyatında uğurun başlanğıcı ola bilər.

Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev isə “Rəqəmsal” mövzuda qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri elektron qaydada təqdim edilməlidir. Qalib gələn layihələrin icra müddəti 3 aydır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq. Layihə təklifləri noyabrın 10-dək qəbul edilir. Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti