Oktyabrın 27-də Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və texnologiya fakültəsinin “Elektrokimyəvi istehsalın texnologiyaları” ixtisası üzrə məzunları 40 ildən sonra yenidən ali təhsil müəssisəsində görüşüblər.
Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.
Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova görüşün əhəmiyyətini vurğulayaraq son illərdə universitetin qazandığı nailiyyətləri, beynəlxalq səviyyədə nüfuzunun artmasını və QS Beynəlxalq Reytinqində yüksək nəticə əldə etdiyini diqqətə çatdırıb. O, eyni zamanda rəhbərlik etdiyi mərkəzin son bir il ərzində görülən və qarşıda duran işləri barədə məlumat verib.
Nəsibə Əmirbəyova həmçinin Məzun Assosiasiyasının yaradılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Məzun Assosiasiyasının təsis yığıncağının keçirilməsi məzunların Sumqayıt Dövlət Universitetinə nə qədər bağlı olduğunu bir daha təsdiqləyib.
Sonra müxtəlif əmək fəaliyyətləri ilə universitetin adını yüksəldən, ölkəmizin inkişafına töhfələr verən məzunlar xoş təəssüratlarını bölüşərək universitetin bugünkü inkişafından qürur duyduğunu qeyd edib, görüşün təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Universitetdə bu cür görüşlərin keçirilməsini bu ali təhsil ocağının şərəfli keçmişinə və işıqlı sabahına verilən dəyər kimi qiymətləndiriblər.
Daha sonra 40 il öncə təhsil aldıqları auditoriyada yenidən parta arxasında əyləşərək, tələbəlik dövrünün qayğısız günlərinə, dostluq və sevgi dolu anlarına səyahət ediblər.