Logo

Ankara Universitetinin antropoloqları ilə əməkdaşlıq məsələləri müzakirə olunub

29.10.2024 12:15 168 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mütəxəssislərinin iştirakı ilə “Məhkəmə arxeologiyası” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda müəssisənin direktoru dosent Fərhad Quliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində itkin düşmüş insanların axtarışı, tapılmış insan qalıqlarının identifikasiyası sahəsində birgə çalışan Dövlət Komissiyası və BQXK-nın son iki ildə göstərdiyi fəaliyyətin yüksək nəticələrindən danışıb. O, BQXK xətti ilə çalışan Ankara Universitetinin antropoloqları ilə əməkdaşlıq nəticəsində institutun nəzdində məhkəmə arxeologiyası üzrə milli mütəxəssislərin yetişdirilməsi və müvafiq elmi-tədqiqat strukturlarının formalaşdırılması kimi ilklərə imza atıldığını vurğulayıb.

Seminarda Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsinin Fiziki antropologiya bölməsinin müəllimi professor Timur Gültəkin “Təbii fəlakətlər və insan”, həmin bölmənin rəhbəri professor Ayla Sevim Erol “İnsan qalıqları əsasında itkin düşmüş şəxslərin müəyyən edilməsi” mövzularında çıxış ediblər. BQXK-nın məhkəmə ekspertizası üzrə nümayəndələri Uyum Vehit və Natnipoon Rattanarungruang “BQXK-nın humanitar məhkəmə ekspertizasının fəaliyyəti” mövzularında təqdimat ediblər. Ankara Universitetinin geoloqu, təbii fəlakətlər üzrə ekspert Nehir Varol isə məhkəmə ekspertizasında hadisə yerinin idarə edilməsi haqqında danışıb.

Mütəxəssislər çıxışlarında təbii və antropogen fəlakət ərazilərində itkin düşmüş insanların axtarışı, insan qalıqlarının identifikasiyası üzrə istifadə edilən üsul və texnoloji yeniliklər barədə məlumat veriblər. Həmçinin Edilli, Sırxavənd və vaxtilə işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif məntəqələrində Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ilə birgə aparılmış təhqiqat işləri barədə danışılıb.

Seminarda Ağdamdakı Pənahəli xan sarayı və İmarət Kompleksində erməni işğalçılarının törətdiyi vandalizm aktından və institut əməkdaşlarının bu ərazidə apardığı elmi-tədqiqat işlərindən bəhs olunub.

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli məhkəmə arxeologiyası üzrə görülən işlər, antropologiya sahəsinin inkişafındakı problemlər və onların həlli yolları barədə fikirlərini bölüşüb.

Sonra BQXK-nın ekspertləri institutun əməkdaşlarının suallarını cavablandırıblar. Fikir mübadiləsi zamanı Arxeologiya və Antropologiya İnstitutunun Ankara Universiteti ilə elmi əməkdaşlıq üzrə memorandum layihəsinin hazırlanması təklif olunub.

Xəbər lenti