Logo

MEK-də məktəb kitabxanaları və icma əlaqələrinə dair müzakirə aparılıb

29.10.2024 12:18 125 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Məktəb Kitabxanaları aylığı çərçivəsində ümumtəhsil məktəblərinin kitabxana müdirləri və şagirdlərinin, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və AMEA-nın elmi-tədqiqat institutlarının kitabxana əməkdaşlarının iştirakı ilə “Məktəb kitabxanaları: icma əlaqələri” adlı tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Mərkəzi Elmi Kitabxanadan bildirilib.

Kitabxananın direktoru Hüseyn Hüseynov çıxışı zamanı ölkədə təhsilə göstərilən dövlət qayğısından, bu istiqamətdə kitabxanaların üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda, hər bir məktəblini yenilənmiş kitabxana saytından aktiv istifadəyə çağırıb. MEK rəhbəri vurğulayıb ki, onlar yenilənmiş veb-sayt vasitəsilə elektron kitabxanaya daxil olaraq istənilən ədəbiyyatı axtarış edə və ya oxucu kartı vasitəsilə rahat şəkildə oxuya bilərlər.

Tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib.

Çıxışçılar UNESCO-nun ictimai kitabxanalar haqqında manifestinin prinsiplərindən, məktəb kitabxanalarından səmərəli istifadə və mütaliə istiqamətlərinin müəyyən edilməsində metodik dəstək ehtiyacından, kitabxanaların fəaliyyətinin dərs proseslərinə inteqrasiyasından, eləcə də “oxucu-müəllim” fəallığının artırılmasından danışıblar.

Tədbir zamanı 19 nömrəli orta məktəbin 6-cı sinif şagirdləri tərəfindən mütaliə, kitab haqqında müdrik kəlamlar, şeirlər səsləndirilib.

Sonda viktorina keçirilib, şagirdlərə kitablar hədiyyə verilib və onlar MEK-i ekskursiya ediblər.

Xəbər lenti