Təhsil sistemimizin inkişafına yönəlmiş “Məktəblər üçün PISA əsaslı qiymətləndirmə tədqiqatı”nda iştirak üçün 200 məktəb seçilib.
Təhsil İnstitutundan TƏHSİL.BİZ-ə verilən məlumata görə, 29 oktyabradək seçilmiş məktəblərdən 142-sində qiymətləndirmə yekunlaşıb və bu məktəblərdən ümumilikdə 6200 nəfərdən çox şagird qiymətləndirməyə cəlb edilib.
Tədqiqat şagirdlərin bilik və bacarıqlarını qlobal standartlara uyğun olaraq obyektiv şəkildə dəyərləndirməklə onların təhsil keyfiyyətini yüksəltmə yollarını müəyyən etmək məqsədi daşıyır. Həmçinin bu nəticələr təhsil strategiyalarının inkişafında və təlim proseslərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, qiymətləndirmə 7 noyabrda yekunlaşacaq və əldə edilən nəticələr ölkəmizin təhsil strategiyalarının beynəlxalq arenada rəqabət gücünü artırmaq üçün dəyərli bir informasiya bazası kimi xidmət edəcək.