Bakı şəhərindəki 89 nömrəli tam orta məktəbin şagirdlərinin axşam saatlarında giriş qapısının bağlı olması səbəbindən hasardan dırmanaraq çıxmaları ilə bağlı yayılan videogörüntüyə aydınlıq gətirilib.
Məktəbdən TƏHSİL.BİZ-in sorğusuna cavab olaraq bildirilib ki, 28.10.2024-cü il tarixində ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb.
“Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə, həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir. Qeyd edək ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır”, - deyə məlumatda qeyd olunub.