Logo

ADNSU əməkdaşları Rusiya universitetləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər

29.10.2024 15:36 185 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın aparıcı universitetlərinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində işgüzar səfərdə olublar. Səfərdə ADNSU-nu Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri professor Araz Əliyev və beynəlxalq layihələr üzrə menecer Orxan Nəbiyev təmsil edib.

ADNSU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetində görüşlər keçirərək təhsilin monitorinqi, keyfiyyətin təmin olunması və beynəlxalq akademik əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Kimya, Geologiya, Tarix və Xarici Dillər fakültələrinin rəhbər heyəti ilə yol xəritəsinin hazırlanması məqsədilə akademik əməkdaşlıq imkanları, beynəlxalq QS reytinqlərində iştirakın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində ADNSU nümayəndələri Rusiya Dövlət Neft və Qaz Universitetində də görüşlər keçiriblər. Görüşlər zamanı gələcəkdə birgə elmi layihələr, tələbə-müəllim mübadiləsi proqramları və 2025-ci ildə ADNSU-nun 105 illik yubiley tədbirlərində birgə iştiraka dair müzakirələr aparılıb.

ADNSU nümayəndələri, həmçinin Sankt-Peterburq Politexnik Universiteti, İTMO Universiteti və Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində görüşlər keçiriblər. Görüşlərdə QS reytinqlərində əməkdaşlıq, IT, kimya texnologiyaları və alternativ energetika sahələrində birgə elmi tədqiqatlar və müəllim-tələbə mübadiləsi imkanları müzakirə olunub. Sankt-Peterburq Universiteti ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə yol xəritəsinin hazırlanmasına dair anlaşma əldə olunub.

Nümayəndə heyətinin müzakirələri nəticəsində Rusiya universitetləri ilə akademik və mədəni sahələrdə yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Azərbaycanda ali təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsildə yüksək keyfiyyət standartlarının təmin olunması, elmi əməkdaşlığın genişləndirilməsi və digər bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti