Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri PISA (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsində iştirak edirlər.
Tədqiqatın pilot mərhələsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) təsadüfi seçimlə müəyyənləşdirdiyi və paytaxtda yerləşən 14 məktəb üzrə təxminən 826 şagirdin iştirakı nəzərdə tutulur.
Beynəlxalq qiymətləndirmə tədqiqatında şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırırlar.
BŞTİ-nin tabeliyindəki 32 nömrəli tam orta məktəb və 220 nömrəli məktəb-liseydə təşkil olunan qiymətləndirmənin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, PISA imtahanında iştirak edən məktəblərin müəllimləri də sorğuya qatılırlar. Sorğunun təşkil olunmasının əsas məqsədi müəllimlərin pedaqoji sahədə fikir və rəylərini öyrənməkdən ibarətdir.
PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı cari ilin may ayının ortalarına qədər davam edəcək.
Qeyd edək ki, PISA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.