Logo

İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib

03.11.2024 11:41 251 baxış
IMG

İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə stend qurulub. Tədbirin ilk günü stendimizdə Azərbaycan yazıçılarının iştirakı ilə imza mərasimləri, ədəbi müzakirələr və müxtəlif ölkələrdən naşirlərin işgüzar görüşləri keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan tədbirdə tanınmış yazıçılardan ibarət geniş nümayəndə heyəti ilə təmsil olunur.

Tədbir əsnasında Azərbaycan yazıçılarının iştirakı ilə keçirilən ilk panel “Sosial media çağında yazmaq” mövzusuna həsr olunub.

Esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilən müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.

Paneldə qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki bir sürət, tələskənlik gətirib. Bu baxımdan yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.

Sonra oxucuların sualları cavablandırıb, səsləndirilən təkliflərlə bağlı müzakirə aparılıb.

Daha sonra Azərbaycan stendində yazıçılar Günel Şamilqızının "Div olanda nə olar" povest və hekayələr və Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi” hekayələr kitablarının imza mərasimi keçirilib.

Şair, tədqiqatçı, esseist Fərid Hüseyn hər iki yazar və kitablar haqqında məlumat verib.

Bildirilib ki, hər iki nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə 5 min tirajla çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.

Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

İlk gün daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.

Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.

Yazarlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünya görüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər.

Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.

Sonra müzakirə şəklində davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.

Xəbər lenti