Logo

Coğrafiyaçılar Qaraçay və Ataçay hövzələrində birgə tədqiqat aparıblar

04.11.2024 13:51 126 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı akademik M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universiteti və Dağıstan Federal Tədqiqat Mərkəzi arasında əməkdaşlıq memorandumuna əsasən Qaraçay və Ataçay hövzələrinə çöl ekspedisiyası təşkil edilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

“İqlim dəyişikliyi və artan antropogen təzyiq kontekstində Şimal-Şərqi Qafqazın, Azərbaycan və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikası” layihəsi üzrə keçirilən ekspedisiyada Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun aparıcı elmi işçiləri, dosentlər Elina Kərimova və İrina Kuçinskaya, şöbə müdiri dosent İsmayıl Quliyev iştirak ediblər.

Tədqiqatın məqsədi iqlim dəyişkənliyi və antropogen fəaliyyətin intensivləşməsi fonunda Xəzər dənizi hövzəsinin orta və kiçik çaylarının hövzələrində landşaftların geoekoloji vəziyyətindəki dəyişiklikləri müəyyən etməkdir. Tədqiqat işinə Qaraçay və Ataçay hövzələrinin birgə kompleks tədqiqi daxildir.

Azərbaycanlı mütəxəssislər çöl tədqiqatları zamanı rusiyalı həmkarlarını regionun fiziki, coğrafi, ekoloji, sosial-iqtisadi xüsusiyyətləri haqqında məlumatlandırıblar.

Seçilmiş sahələrdən götürülmüş torpaq, bitki və su nümunələri növbəti mərhələdə Azərbaycanın və Rusiyanın elmi laboratoriyalarında analiz ediləcək.


 

Xəbər lenti