Logo

Zəfərimizin 4-cü ildönümü münasibətilə İstanbulda və Daşkənddə konsertlər

04.11.2024 16:46 257 baxış
IMG

8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək.

Tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.

***

8 Noyabr Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür. Bu gün təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, xaricdə yaşayan soydaşlarımız üçün də əlamətdar gündür. Bu əlamətdar tarixlə əlaqədar noyabrın 6-da Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi üzrə tədbir və konsert proqramı keçiriləcək.

Mərkəzdən bildirilib ki, Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Özbəkistan, Qaraqalpaqıstan, Başqırdıstan və Tatarıstanın Xalq artisti Jenisbek Piyazov, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev, Özbəkistanın "Özbəyim yoşları" musiqi qrupu, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” adlı rəqs ansamblının çıxışları nəzərdə tutulub.

Sözügedən tədbir çərçivəsində Mərkəzin foyesində Azərbaycan xalqının Zəfərinə həsr edilmiş fotosərgi də iştirakçılara təqdim olunacaq.

Xəbər lenti